Müəllif - Fərid İslamov - banco.az
Yeni enerji mənbələri ilə işləyən avtomobillərin (NEV) aparıcı Çin istehsalçısı BYD Co., 2025-ci ildə Çindən kənarda satışlarını iki dəfə artıraraq 800 min avtomobildən çox satmağı planlaşdırır, bunu şirkətin Direktorlar Şurasının sədri Van Çuanfu analitiklərə bildirib. Bu barədə Reuters xəbər verir.
2024-cü ildə BYD xarici bazarlarda 417,2 min avtomobil satıb.
Van Çuanfunun sözlərinə görə, şirkət Böyük Britaniya bazarında “əhəmiyyətli artım” görməyi gözləyir, çünki bu bazar rəqabətqabiliyyətli Çin məhsullarına çox açıqdır. BYD həmçinin Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində, hökumətlərin və əhalinin Çin brendlərinə dostcasına yanaşdığı yerlərdə, sürətli artım üçün “böyük imkanlar” görür.
Van Çuanfu bildirib ki, şirkət xarici ölkələrdə tərəfdaşsız zavodlar tikməyə davam edəcək, çünki kifayət qədər maliyyə resursları mövcuddur. Hazırda BYD Braziliyada (Çindən kənarda ən böyük bazarı), həmçinin Tailand, Macarıstan və Türkiyədə zavodlar inşa edir.
Şirkət, qısa müddətli perspektivdə ABŞ və Kanada bazarlarına daxil olmağı planlaşdırmır, çünki geosiyasi hadisələr bu planlara mane olur.
Ümumilikdə, BYD 2025-ci ildə 5,5 milyon avtomobil satmağı planlaşdırır ki, bu da ötən ilki 4,27 milyon avtomobillə müqayisədə əhəmiyyətli bir artım deməkdir.