Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da yerləşən alternativ investisiya şirkəti “Blackstone Inc” qarşıdakı 10 il ərzində Avropaya 500 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, "Blackstone"un baş direktoru (CEO) Stiv Şvartsman şirkətin 25 illik yubileyi münasibətilə verdiyi müsahibədə bu investisiyanın onlar üçün böyük bir fürsət olduğunu, şirkət daxilində yanaşmaların dəyişdiyini və bu səbəbdən daha yüksək artım nisbətlərinə nail olacaqlarını bildirib.
Şvartsmanın şərhləri investisiya şirkətlərinin Avropanın cəlbediciliyini vurğuladıqlarını sübut edən xarakter daşıyır.
Keçən həftə Berlində keçirilən beynəlxalq “SuperReturn” konfransında BC Partners, Permira və Brookfield Asset Management kimi nəhənglərin rəhbərləri, iqtisadi risklərin zamanla artsa da, Avropanın bir investisiya istiqaməti olaraq önə çıxdığını vurğulayıblar.
"Blackstone" 2000-ci ildə Londonda ilk ofisini açanda alternativ olaraq yalnız Nyu-Yorkda ofislərinin olduğu bildirilmişdi. Sonradan isə alternativ aktiv siniflərinə yönəlmiş mülahizəli (discretionary) investisiya fondları üçün 13 milyard dollardan çox vəsait toplamışdı.
Şirkətin rəsmi internet saytında yer alan məlumata görə, hazırda "Blackstone"un 27 şəhərdə ofisi var və idarə etdiyi aktivlərin dəyəri 1 trilyon dolları keçmişdir. Şirkət dünyanın ən böyük alternativ aktiv meneceri statusundadır.
Bizi sosial şəbəkələrdən izləyin!!