Müəllif:Mehin Qasımova,Banco.az
Son beş ildə 1100% dəyər qazanan və dünyanın ən böyük texnologiya şirkətlərindən birinə çevrilən "Nvidia" bəzi ənənəvi pərakəndə satış nəhənglərinin performansı qarşısında geri qalıb.
Banco.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Build-a-Bear Workshop, Dillard’s və GameStop şirkətlərinin səhmləri bu dövrdə Nvidia-nı üstələyib.
5 il ərzində Nvidia-nın səhmləri 1100% artdığı halda, GameStop 1100%, Dillard’s 1700%, Build-a-Bear Workshop isə 1900% qazanc əldə edib.
Kiçik şirkətlərdən böyük gəlirlər
Hərçənd "Nvidia" bazar kapitallaşmasına görə (4,3 trilyon dollar) rəqiblərini xeyli geridə qoyur, lakin bu şirkətlərin investisiya gəlirliliyi (ROI) daha yüksəkdir. Belə ki, 2020-ci ildə yatırılan 100 dollarlıq sərmayə indi Nvidia-da 1190 dollar, GameStop-da 1213 dollar, Dillard’s-da 1801 dollar, Build-a-Bear-da isə 2035 dollara yüksəlib.
GameStop-un mem-səhm fenomeni
GameStop-un kəskin artımı fərdi investorların sosial media vasitəsilə başlatdığı “meme stock” çılğınlığı ilə əlaqələndirilir. 2020-ci ildə 2 dolların altında olan səhm qiyməti 2021-ci ilin əvvəlində 80 dollara qədər yüksəlib. Hazırda isə 23 dollar ətrafında ticarət olunur.
Bu prosesin başlanğıcında məşhur investor Michael Burry-nin rolu da mühümdür. “The Big Short” filmi ilə tanınan Burry 2019-cu ildə GameStop-a sərmayə yatırıb, şirkət rəhbərliyinə səhmlərin geri alınması və azaldılması ilə bağlı üç məktub göndərib. O, 2020-ci ilin sonunda mövqeyini bağlayıb və mem-səhm dalğası başlamazdan əvvəl səhmlərini satıb.