BP İraqın Kərkük yatağında hasilatın bərpası üzrə müqavilə imzalayıb | Banco.az

BP İraqın Kərkük yatağında hasilatın bərpası üzrə müqavilə imzalayıb

Müəllif - Fərid İslamov  - Banco.az

 BP plc və İraq Neft Nazirliyi, ölkənin şimalındakı Kərkük əyalətində yerləşən neft-qaz yataqlarının yenidən işlənməsi üzrə müqavilə imzalayıb, bunu İraq Neft Nazirliyi məlumat verib.

Layihə Kərkük neft yatağının Baba və Avanah strukturunu, həmçinin federal ərazidə yerləşən üç qonşu yatağı - Bai Hassan, Jambur və Khabbaz-ı əhatə edir. Bu yataqlar hazırda NOC (North Oil Company) tərəfindən istismar olunur.

“Müqavilə dörd yatağın bərpasını və işlənməsini, karbohidrogen ehtiyatlarının artırılmasını, neft hasilatının gündəlik 420 min barel səviyyəsinə çatdırılmasını, North Gas Company-nin tutumlarının gündəlik 400 milyon kub fut səviyyəsinə qədər bərpasını və genişləndirilməsini, həmçinin 400 MVt gücündə elektrik stansiyasının yaradılmasını nəzərdə tutur,” - deyə məlumatda bildirilir.

BP-nin mükafatı hasilatın artımı, qiymət və xərclərlə əlaqələndiriləcək. Şirkət hasilatın artırılması qarşılığında əldə edəcəyi mükafatlara proporsional olaraq hasilat və ehtiyatlarda pay rezerv edə biləcək. BP gözləyir ki, layihə 2025-ci ildə başlasın.

BP, 1920-ci illərdə Kərkükdə neft tapan neft şirkətləri konsorsiumunun üzvü olub. 2013-2019-cu illərdə şirkət İraq Neft Nazirliyi və NOC ilə birlikdə yatağın bərpası potensialını öyrənən texniki araşdırmalar üzərində çalışıb.