Böyük Britaniya iqtisadiyyatı gözləniləndən daha güclü şəkildə böyüyüb | Banco.az

Böyük Britaniya iqtisadiyyatı gözləniləndən daha güclü şəkildə böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı gözləniləndən daha güclü şəkildə böyüyüb.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika Ofisi (ONS) 2025-ci ilin noyabr ayına dair iqtisadi artım göstəricilərini açıqlayıb.

Məlumata görə, ötən ilin oktyabrında qeydə alınan 0,1 faizlik daralmadan sonra Böyük Britaniya iqtisadiyyatı noyabr ayında 0,3 faiz artım nümayiş etdirib. Bazar gözləntisi ölkə iqtisadiyyatının həmin ayda 0,1 faiz böyüyəcəyi istiqamətində idi.

Bu dövrdə xidmətlər sektoru 0,3 faiz, istehsal sektoru 0,1 faiz artım göstərdiyi halda, tikinti sektoru 1,3 faiz kiçilib.

Böyük Britaniya iqtisadiyyatı 2025-ci ilin avqust–noyabr aylarını əhatə edən üç aylıq dövrdə isə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,1 faiz artım qeydə alıb.

ONS-in İqtisadi Statistika üzrə direktoru Liz MakKeon açıqlanan göstəriciləri şərh edərkən bildirib ki, xüsusilə noyabr ayında xidmətlər sektorunun daha güclü performansı nəticəsində iqtisadiyyat avqust–noyabr dövründə mülayim artım nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram