Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank olmayan kredit təşkilatları (BOKT) bir çox vətəndaş üçün maliyyə vəsaitinə daha asan çıxış imkanı yaratsa da, bu qurumlardan götürülən kreditlər gələcəkdə banklardan kredit alma prosesinə də təsir göstərə bilər. Bəzi hallarda kredit tarixçəsi, mövcud borc yükü və ya ödəniş intizamı səbəbindən vətəndaşlar banklardan imtina cavabı alırlar. Bəs BOKT-dan kredit götürərkən gələcəkdə bank krediti ilə bağlı problem yaşamamaq üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı suallarımızı iqtisadçı Rauf Qarayev cavablandırıb:
"Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) götürülən kreditlər banklarla müqayisədə daha sürətli əldə edilən, lakin əsasən yüksək faiz dərəcələri və əlavə komissiya haqları tətbiq olunan maliyyə məhsullarıdır. Bu kreditlər nağd pul, lombard, avtomobil və ya biznes/mikrokredit şəklində verilir. Faiz dərəcələri: BOKT-larda nominal faizlər aşağı görünsə də (məsələn, 10%-dən başlayan), illik effektiv faiz dərəcəsi (İEFD) adətən 19-42% arasında dəyişir. Bu kreditlərin rəsmiləşdirilməsi üçün əksər hallarda avtomobil, daşınmaz əmlak və ya qızıl-zinət əşyaları girov qoyulmalıdır.
Azərbaycan Respublikasında yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş qanuni BOKT-larla əməkdaşlıq etmək lazımdır. BOKT-ların fəaliyyəti Bank olmayan kredit təşkilatları haqqında qanunla tənzimlənir. Dövlət BOKT-nin öhdəliklərinə, BOKT isə dövlətin öhdəliklərinə cavabdeh deyil. Vətəndaşların şəxsi məlumatlarının (kontaktlarının) icazəsiz götürülməsi və ya qanunsuz təzyiqlər baş verdikdə şikayət üçün birbaşa Azərbaycan Respublikası Mərkəzi Bankı platformasına müraciət etmək hüququnuz vardır".
.jpg)
İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın saytına baxsaq, orada 52 BOKT-un adını görmək olar: "Ən böyüyü BOKT cədvəl üzrə 28 yerdə olan "İnternational" ASC-dir. 39 nümayəndəliyi var. Yəni Nümayəndəliyin çox olması imkanların geniş olması deməkdir.
Vətəndaşların diqqət etməli məqam odur ki, BOKT-lara ciddi təşkilat kimi baxmırlar. Kiçik kredit verən təşkilat kimi baxırlar. Amma düşünmürlər ki, götürdükləri krediti vaxtında ödəmədikdə bunlar Mərkəzi Bankın reyestrində qeydə alınır. “Nə vaxt kredit götürmüsən?, Niyə vaxtnda ödəməmisən? və Hansı müddətə gecikdirmisən?” – Bir sözlə problemli kreditlər sayılır. Bu adamlar artıq kredit vermək risk yaradır. Bu baxımdan da, bank riskləri nəzərə alıb kredit verməkdə tərəddüd edir və az məbləğdə kredit verir və ya vətəndaşa kredit verməkdən imtina edir".
R. Qarayevin sözlərinə görə, məsələnin dərin kökünə baxsaq, bu, düzgün yanaşma deyil: "Səbəb aydınlaşdırılmalıdır. Kredit niyə gecikib, obyektiv və subyektiv səbəblər təhlil olunmalıdır. BOKT-lar isə bunu araşdırmır, səbəb qoyulan girovdur. Banklar isə BOKT-lara istinad edir, bu səbəbdən onların marağı olmur ki, bu məsələni araşdırsın.
Hesab edirəm ki, bu baxımdan vətəndaşlar diqqətli olmalıdır. Çalışmalıdırlar ki, kredit tarixçələri təmiz olsun".
Bizi sosial şəbəkələrdən izləyin!!
