Müəllif - Eldar Kərimov - Banco.az
Amerikanın biotexnoloji şirkəti "Bluebird bio Inc." özünü "Carlyle" və "SK Capital" adlı özəl investisiya firmalarına təxminən 30 milyon dollara satacağını bildirib.
Bir zamanlar çox uğurlu sayılan "Bluebird" ağır genetik xəstəliklərin müalicəsi üçün terapiya hazırlayır. Şirkət, xüsusilə, beta-talasemiya (irsi qan xəstəliyi) üçün dünyada ən bahalı dərmanlardan biri olan "Zynteglo"nu istehsal edir. Bundan əlavə, oraqlı hüceyrəli anemiya üçün "Lyfgenia" və serebral adrenoleykoestrofiya üçün "Skysona" dərmanlarını da istehsal edir.
"Bluebird"un səhmdarları hər bir səhmləri üçün 3 dollar alacaqlar, əgər şirkətin satışları 2027-ci ilin sonuna qədər hər hansı 12 aylıq dövrdə 600 milyon dollara çatarsa, hər səhmə əlavə olaraq 6,84 dollar əldə edə bilərlər.
"On ildən artıqdır ki, 'Bluebird' gen terapiyasının önündə gedir və həyati təhlükə yaradan genetik xəstəliklərdən əziyyət çəkən xəstələrə yenilikçi müalicə üsulları təqdim edir," - deyə "Bluebird"un baş icraçı direktoru Endryu Obenşayn bildirib. "Lakin maliyyə problemlərimiz artdıqca, səhmdarlarımız üçün dəyəri maksimuma çatdırmaq və müalicə üsullarımızın uzunmüddətli gələcəyini təmin etmək üçün doğru strateji tərəfdaş tapmağın həlledici olduğu aydın oldu."
Sövdələşmə bağlandıqdan sonra şirkətin yeni baş icraçı direktorunun "Mirati Therapeutics" və "Ipsen"in keçmiş rəhbəri Devid Mik olacağı gözlənilir, bu barədə məlumatda qeyd olunub.
CNBC-nin qeyd etdiyinə görə, gen terapiyası sahəsi bu müalicə üsullarının uğurlu biznesə çevrilə biləcəyi ilə bağlı çətin suallarla üzləşir. Uzun müddət "Bluebird" genetik xəstəlikləri bir dəfəlik dərman qəbulu ilə müalicə etməyi vəd edən üsulların yaradılmasında lider olub.