Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Qeyd edilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.
Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.
Agentlik, həmçinin xidmətin dayanıqlığında yarana biləcək fasilələr barədə istifadəçilərin operativ və şəffaf şəkildə məlumatlandırılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Həyata keçirilən tədbirlər və gücləndirilmiş nəzarət mexanizmləri bayram günlərində istifadəçilərin fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin olunmasına xidmət edir.
Qurum vətəndaşlara tövsiyə edir ki, bayram günlərində də internet telekommunikasiya xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklərlə əlaqədar İKTA-nın “E-Şikayət” sistemi vasitəsilə müraciət etsinlər.
