Azərbaycan banklarının kredit portfelinin həcmi son 7 ildə 125 % artaraq 29,3 milyard manata çatıb.
Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.
Onun sözlərinə görə, effektiv kredit məlumatlarının toplanması, saxlanması, təhlili və paylaşması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idar olunması və iqtisadi inkişafında həlledici rol oynayır: "Bizim üçün Azərbaycanda kredit bürosunun yaradılması və inkişaf etdirilməsi zamanın bir çağırışı idi. Azərbaycanda kredit reestr formasında mövcud olan kredit məlumatları tarixçisinin inkişaf etdirilməsi artıq Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində və Mərkəz Bankın, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə ölkədə ilk kredit bürosu Azərbaycan bankları tərəfindən təsis edildi. Təbii ki, təsis edildiyi dövrlə bugünkü dövrü müqayisə etdikdə, kredit bürosu bu dövr ərzində demək olar ki, inqilabi bir yol keçib”.
Z.Nuriyev bildirib ki, 2024-cü ildə bank sektorunun aktivlərininin 53 milyard manat olduğunu götürsək, 2018-ci illə müqayisədə bu 80 % çoxdur: “Eyni zamanda bizim bugünkü kredit portfelimizin həcmi son 7 illə müqayisədə 125 % artaraq 29,3 milyard manata çatıb. Təbii ki, bu dövr ərzində bizim vaxtı ötmüş kreditlərimizin həcmi əhəmiyyətli dərəcədə azalıb. 2018-ci illə müqayisədə bu 72 % azalıb və artıq 449 milyon manat təşkil edir. Lakin bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş bir qərar olduğunu bir daha göstərib".
O qeyd edib ki, 2018-ci ildə cəmi 8 bankın iştirakı ilə yaradılan və 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosunun əməkdaşlarının sayı 50 nəfəri ötüb: "İlk mərhələdə yalnız kredit tarixçiləri haqqında bizə məlumatlar Kredit Bürosundan təqdim edilirsə, bu gün artıq bu xidmətlərin sayı 35-dən yuxarıdır. Əvvəlki dövrdə kredit bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lardan ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb".
Report
Bizi sosial şəbəkələrdən izləyin!!