Almaniyanın Köln şəhərində keçirilən "Anuga 2025" beynəlxalq qida və içki sənayesi sərgisində 16 Azərbaycan şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendlərində təqdim edir.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi xəbər verir.
Məlumata görə, iki müxtəlif pavilyonda quraşdırılmış "Made in Azerbaijan" stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, meyvə şirələri, müxtəlif növ yerli şərablar, kürü, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr və digər məhsullar yer alır. Oktyabrın 8-nə qədər davam edəcək sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilir, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılır.
Builki "Anuga" sərgisində 110 ölkədən 7 500-dən artıq iştirakçı və 140 mindən artıq ziyarətçi iştirak edir. Azərbaycan sərgidə 4-cü dəfədir təmsil olunur. Bundan başqa, "Anuga 2025"də Türkiyə, ABŞ, Meksika, Braziliya, Avstraliya, Cənubi Koreya, İspaniya, Belçika və Hindistan kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edirlər.
report