Avrozonada investorların inamında məhdud artım | Banco.az

Avrozonada investorların inamında məhdud artım

Müəllif: Tamara Mustafayeva, Banco.az

Frankfurtda yerləşən və bazarlara dair araşdırmalar aparan “Sentix” şirkəti dekabr ayına dair Avrozonanın Ümumi İnvestor İnamı İndeksinin nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə noyabr ayında mənfi 7,4 səviyyəsində olan Avrozona Ümumi İnvestor İnamı İndeksi bu ay 1,2 bənd artaraq mənfi 6,2-yə yüksəlib. İndeksin dekabr ayında mənfi 7 səviyyəsinə qalxacağı gözlənilirdi.

İnvestorların yaxın 6 aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi də 3,3-dən 4,8-ə yüksəlib.

Cari Vəziyyət İndeksi isə mənfi 17,5-dən mənfi 16,5-ə çatıb.

“Sentix”in açıqlamasında Avrozona iqtisadiyyatının durğun bir xətt üzrə hərəkət etməyə davam etdiyi bildirilib və bölgənin ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatının resessiyanın təsiri altında qaldığı qeyd edilib.

Açıqlamada qlobal iqtisadiyyatda toparlanma müşahidə olunduğu vurğulanaraq bu toparlanmanın xüsusilə Şərqi Avropa, Latın Amerikası və Çin başda olmaqla Asiyadan gələn müsbət məlumatlarla dəstəkləndiyi ifadə edilib.

İnvestor inamı sorğusu 4-6 dekabr tarixləri arasında 1063 investorun iştirakı ilə keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram