Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada investorların inamı son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib.
Banco.az xəbər verir ki, maliyyə bazarları üzrə araşdırmalar aparan Frankfurt mərkəzli “Sentix” şirkəti sentyabr ayı üzrə Avrozonanın Ümumi İnvestor İnamı İndeksinin göstəricilərini açıqlayıb.
3–5 sentyabr 2026-cı il tarixlərində 209-u institusional investor olmaqla, ümumilikdə 1 052 investorun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, avqust ayında 0,9 bənd olan indeks sentyabrda 4,2 bənd artaraq 5,1 bəndə yüksəlib. Bazar gözləntisi indeksin 2 bəndə çatacağı istiqamətində idi.
İnvestorların qarşıdakı 6 aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi 10,3 bənddən 13,8 bəndə yüksəlib. Mövcud Vəziyyət İndeksi isə mənfi 8 bənddən mənfi 3,3 bəndə qalxaraq 2022-ci ilin martından bəri ən yüksək səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
