BVF: Enerji böhranı və süni intellekt inflyasiyanı artırır | Banco.az

BVF: Enerji böhranı və süni intellekt inflyasiyanı artırır

Müəlllif:Mehin Qasımova,Banco.az

Enerji təchizatındakı problemlər, qış mövsümünə hazırlıq və süni intellekt infrastrukturu üçün artan borclanma qlobal inflyasiya təzyiqlərini gücləndirir. Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bu amillərin iqtisadi artıma da təsir göstərdiyini bildirib.

Banco.az  xəbər verir ki, Georgiyeva bu barədə Banqkokda keçirilən BVF və Dünya Bankının illik toplantılarının plenar iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, enerji bazarındakı qeyri-sabitlik inflyasiyanı artırır və iqtisadi artımı zəiflədir. Gəmiçilikdə təhlükəsizlik problemləri, neft emalı güclərinin və təbii qaz təchizatının çatışmazlığı, eləcə də şimal yarımkürəsində qışdan əvvəl yanacaq ehtiyatlarının bərpası enerji bazarına əlavə təzyiq yaradır.

BVF rəhbəri süni intellekt sahəsində sürətli inkişafın iqtisadi artımı dəstəklədiyini, lakin qısa müddətdə inflyasiyanı da gücləndirə biləcəyini vurğulayıb. Bunun əsas səbəblərindən biri süni intellekt infrastrukturu üçün tələb olunan böyük həcmli investisiyaların getdikcə daha çox borclanma hesabına maliyyələşdirilməsidir.

Georgiyeva bu şəraitdə mərkəzi bankların qiymət sabitliyini qorumağa diqqət yetirməli olduğunu bildirib. O, BVF-nin ABŞ Federal Ehtiyat Sisteminin, Avropa Mərkəzi Bankının və Yaponiya Bankının sərt pul siyasətini dəstəklədiyini qeyd edib.

Bununla belə, qlobal iqtisadiyyatın ümumilikdə dayanıqlı qaldığı bildirilir. BVF rəhbərinin açıqlamasına əsasən, dünya iqtisadiyyatının 2026-cı ilin sonuna qədər 3,1% böyüməsi gözlənilir. Georgiyeva bunu iki əks istiqamətli amilin — iqtisadi artımı zəiflədən enerji şoku və onu sürətləndirən süni intellekt bumunun — təsiri ilə izah edib.