Müəllif:Mehin Qasımova,Banco.az
Avropa son dörd ildə ikinci dəfə enerji böhranı ilə üzləşmək riski ilə qarşı-qarşıyadır. Regionda təbii qaz anbarlarının doluluq səviyyəsi son 15 ilin ən aşağı göstəricilərindən birinə düşüb.
Banco.az xəbər verir ki, “Wall Street Journal”ın təhlilinə görə, hazırkı qaz ehtiyatları Avropanın yalnız mülayim qış keçirməsi üçün kifayət edə bilər.
Hazırda Avropadakı təbii qaz anbarlarının doluluq səviyyəsi 67 faiz təşkil edir. Bu göstərici ötən illə müqayisədə 13 faiz bəndi aşağıdır.
Avropalı alıcıların qaz ehtiyatlarının doldurulmasını gecikdirməsinin əsas səbəblərindən biri Hörmüz boğazının yenidən açılacağı və Qətərin mayeləşdirilmiş təbii qazının bazara qayıtmasından sonra qiymətlərin aşağı düşəcəyi gözləntisi olub.
Bununla belə, Avropa İttifaqı ehtiyatların hazırkı səviyyəsinin ciddi narahatlıq yaratmamalı olduğunu bildirir. “Wood Mackenzie” şirkətinin məlumatlarına görə, Avropanın qış aylarında təbii qaza olan tələbatı 2022-ci illə müqayisədə 17 faiz azalıb. Bu azalmanın səbəblərindən biri regionda bərpa olunan enerjinin payının artmasıdır.
“Wood Mackenzie”nin ən optimist ssenarisinə görə, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən mayeləşdirilmiş təbii qaz tədarükü yaxın zamanda bərpa olunarsa və ilk LNG yükləri noyabr ayında Avropaya çatarsa, regionun qaz anbarlarının doluluq səviyyəsi 2027-ci il aprelin 1-dək 21 faizə qədər enə bilər.
Lakin Hörmüz boğazının ilin sonuna qədər bağlı qalacağı təqdirdə vəziyyət daha da çətinləşə bilər. Bu ssenaridə Avropadakı qaz anbarlarının doluluq səviyyəsinin 2027-ci ilin aprel ayına qədər 14 faizə qədər azalacağı gözlənilir.
Ölkələr üzrə qaz ehtiyatlarının səviyyəsində də ciddi fərqlər var. Portuqaliya və Polşada qaz anbarlarının doluluq səviyyəsi 90 faizi keçdiyi halda, Almaniya və Niderlandda bu göstərici təxminən 50 faiz təşkil edir.
Avropada təbii qazın qiyməti iyunun sonundan etibarən 75 faiz artıb. Hökumətlərin qış mövsümündən əvvəl ehtiyatları doldurmaq üçün son anda bazara daha çox çıxmasının qiymətlərə əlavə təzyiq göstərə biləcəyi bildirilir.
Almaniya 2022-ci ilin yayında qaz anbarlarını doldurmaq üçün 8,7 milyard avro xərcləyib. Lakin yüksək qiymətlə alınan qazın bir hissəsi sonrakı iki qış ərzində təxminən 2 milyard avroya satılıb və nəticədə 6,7 milyard avro itki yaranıb.
Bu xərclərin böyük hissəsi istehlakçıların üzərinə düşüb, daha kiçik hissəsi isə hökumət tərəfindən qarşılanıb.
Avropanın qaz ehtiyatları ilə bağlı hesablamaları özünü doğrultmasa və region spot bazarına yenidən müraciət etməli olsa, yüksək qiymətlərin ABŞ-ın mayeləşdirilmiş təbii qaz ixracatçıları Venture Global və Cheniere Energy şirkətlərinə fayda verəcəyi gözlənilir.
Bunun əksinə olaraq, Avropada qışın əvvəlkindən daha isti keçməsi təbii qaza olan tələbatı azalda bilər. Güclü “El Niño” hava hadisəsinin təsiri ilə temperaturun yüksəlməsi regiona LNG tədarükünün bərpası üçün əlavə vaxt yarada bilər.
