Avropa təbii qaz və elektrik enerjisinə görə nə qədər ödəyir? - Statistik | Banco.az

Avropa təbii qaz və elektrik enerjisinə görə nə qədər ödəyir? - Statistik

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil.

Banco.az xəbər verir ki, nazir əlavə edib ki, kifayət qədər mürəkkəb olan bu məsələdə  sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır.

Xatırladaq ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Bəs Avropada elektrik və qazın əhaliyə satış qiymətləri hansı həddədir?

Avropa Statistika Ofisi 2022-ci ilin ikinci yarısında Aİ üzv ölkələrində yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.

Müvafiq olaraq, 2021-ci ilin ikinci yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisinə görə 23,5 avro ödənildiyi halda, 2022-ci ilin ikinci yarısında bu rəqəm 28,4 avroya çatıb.

2023-cü ilin birinci yarısında yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,9 avroya çatıb və bu rekord hədd sayılır. Təbii qaz qiymətləri də tarixi rekord həddə çatıb.

Bu ilin birinci yarısında Aİ-nin 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Üzv ölkələr arasında elektrik enerjisi qiymətlərində ən yüksək artım Hollandiyada müəyyən edilib. Hollandiyada elektrik enerjisi qiymətləri bu ilin birinci yarısında keçən ilin birinci yarısı ilə müqayisədə 953 faiz artıb. Rekord qiymət artımına 2022-ci ildə vergi endirimlərinin dayandırılması və ev təsərrüfatları üçün enerji vergilərinin artırılması səbəb olub.

Avropa İttifaqına üzv ölkələr arasında ən ucuz elektrik enerjisi Macarıstanda satılıb. Macarıstanda 100 kilovat-saat elektrik enerjisi üçün 10,8 avro ödənildiyi halda, bu ölkəni 11,5 avro ilə Bolqarıstan, 12,8 avro ilə Malta və 13,5 avro ilə Hollandiya izləyir.Avropa İttifaqına üzv ölkələr arasında elektrik enerjisinə ən çox pul ödəyən ölkə Danimarka olub. Danimarkada ev təsərrüfatları 100 kilovat saat elektrik enerjisi üçün 58,7 avro ödəyib. Bu ölkəni 44,9 avro ilə Belçika, 42 avro ilə İrlandiya, 38,4 avro ilə Çexiya, 36,4 avro ilə İtaliya, 34,1 avro ilə Rumıniya, 33,6 avro ilə Almaniya və 33,5 avro ilə İspaniya izləyib.

Elektrik enerjisi qiymətlərində ən yüksək artım Rumıniyada, Çexiyada və  Danimarkada olub.

Hollandiya və Malta istisna olmaqla, bütün Avropa İttifaqına üzv ölkələrdə elektrik enerjisi qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

2022-ci  ilin ikinci yarısında Aİ ölkələrində yaşayış evlərində istifadə edilən təbii qazın hər 100 kilovat saatına görə ödənilən orta qiymət 11,4 avrodan hesablanıb. Sözügedən qiymət ötən ilin eyni dövründə 7,8 avro olaraq müəyyən edilib.

Aİ ölkələri arasında bu dövrdə yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş İsveçdə 100 kilovat-saata 27,5 avro, Danimarkada 20,8 avro və Hollandiyada 19,3 avro olub.

Bu dövrdə Aİ-yə üzv ölkələr arasında ən sərfəli təbii qaz istehlakı Macarıstanda olub. Macarıstanda 100 kilovat-saat təbii qaz üçün ev təsərrüfatları orta hesabla 3,5 avro, Xorvatiyada 4,5 avro, Slovakiyada isə 4,9 avro ödəyib.

Aİ-yə üzv olan 27 ölkənin hamısında təbii qazın qiyməti artıb.

Qazın ən çox bahalaşdığı ölkələr 23.1 faiz Çexiyada, 16.5 faiz Rumıniya, 15.7 faizlə Latviya, 11.2 faizlə Litva və yüzdə 10.2 ilə Belçika olub.

2023-cü  birinci yarısında Aİ ölkələrində yaşayış evlərində istifadə edilən təbii qazın hər 100 kilovat-saatına görə ödənilən orta qiymət 11,9 avro hesablanıb. Sözügedən qiymət ötən ilin eyni dövründə 8,6 avro olaraq müəyyən edilib. Təbii qaz qiymətləri də tarixi rekord həddə çatıb.

Aİ ölkələri arasında bu dövrdə yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş 100 kilovat-saat üçün 24,8 avro ilə Hollandiyada, 21,9 avro ilə İsveçdə, 16,5 avro ilə Danimarkada həyata keçirilib.

Bu dövrdə Aİ-yə üzv ölkələr arasında ən sərfəli təbii qaz istehlakı Macarıstanda olub. Ev təsərrüfatları 100 kilovat saat təbii qaz üçün Macarıstanda orta hesabla 3,4 avro, Xorvatiyada 4,1 avro, Slovakiyada isə 5,7 avro ödəyib.

Qazın ən çox baha satıldığı ölkələr sırasında Latviya(13.9 faiz), Rumıniya (13.4) , Avstriya(10.3), Hollandiya(0.99)  İrlandiya (0.73) var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

.