Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının 2,4% olacağını proqnozlaşdırır.

Banco.az bu barədə Banka istinadən xəbər verir. 

Qeyd edək ki, bu, aprel proqnozu ilə müqayisədə 1% azdır.

AİB-in proqnozuna görə, gələn il isə Azərbaycanda 2% iqtisadi artım gözlənilir. Bu da əvvəlki proqnoza (3,3%) nisbətən 1,3 faiz bəndi azdır: 

"2025-ci ilin ilk yarısında karbohidrogen hasilatındakı azalma ümumi iqtisadi artımı zəiflədib.

Artım 2024-cü ilin ilk yarısındakı 4,3%-dən 2025-də 1,5%-ə düşüb. Bu geriləmə əsasən karbohidrogen sektorunun 3,1% daralması ilə bağlıdır, halbuki iqtisadiyyatın qalan hissəsi 3,9% böyüyüb.

Neft hasilatı 5,3%, qaz hasilatı isə 0,4% azalıb. Nəticədə sənaye sektoru tikintidə dövlətin bərpa layihələrinə qoyduğu sərmayə sayəsində 8,5% artım olsa da, ümumilikdə 0,5% kiçilib.

Xidmət sahəsində artım tempi 2 dəfə azalıb. Artım 2024-cü ilin ilk yarısında 6,1% olduğu halda bu il 3,1%-ə enib. Bu azalma əsasən nəqliyyat və rabitə sektorlarında yavaşlamadan qaynaqlanıb.

Kənd təsərrüfatında isə əksinə, artım sürətlənib. 2024-cü ilin ilk yarısında 0,2% olduğu halda 2025-ci ilin ilk 6 ayında 1,4%-ə yüksəlib. Bu da əsasən məhsul istehsalının artması hesabına baş verib". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram