Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın kölgə donanmasını hədəf alan yeni sanksiyalarla bağlı razılığa gəliblər.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında etdiyi paylaşımda Aİ ölkələrinin 24 fevralda Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü ilə əlaqədar hazırlanan 16-cı sanksiya paketi üzrə razılığa gəldiyini açıqlayıb.
Bu paketlə Aİ-nin Rusiyanın "kölgə donanmasındakı" gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini bildirən fon der Leyen "16-cı sanksiya paketimizlə bağlı əldə olunan razılığı alqışlayıram" ifadəsini işlədib.
O, sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün də tədbirlər gördüklərini vurğulayaraq, Kremlə təzyiqləri davam etdirməkdə qətiyyətli olduqlarını bildirib.
Bütün detalları paylaşılmayan yeni sanksiyalar çərçivəsində Rusiya alüminium məhsullarının Aİ-yə idxalına mərhələli qadağa tətbiq ediləcək və xam neft satışına yönəlmiş tədbirlər daha da sərtləşdiriləcək.
Rusiyanın məhdudiyyətləri aşaraq xam neft ixrac etmək üçün istifadə etdiyi 73 kölgə donanma tankeri, bəzi Rusiya bankları, eləcə də çox sayda şəxs və şirkət sanksiya siyahısına əlavə ediləcək.
Xatırladaq ki, Aİ müharibə səbəbilə indiyədək Rusiyaya qarşı 15 sanksiya paketi həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!