Müəllif:Mehin Qasımova,Banco.az
Ağ Evin mətbuat katibi Karolin Livit bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi birgə hava əməliyyatlarının məqsədlərinə tam nail olunduqdan sonra neft və qaz qiymətlərində ciddi eniş gözlənilir.
Banco.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ vətəndaşları enerji qiymətlərində son dövrdə müşahidə olunan artımın müvəqqəti olduğunu bilməlidir.
“Amerika xalqı əmin ola bilər ki, neft və qaz qiymətlərinin son artımı müvəqqətidir və bu əməliyyat uzunmüddətli perspektivdə qaz qiymətlərinin azalmasına səbəb olacaq”, – deyə Livit bildirib.
Ağ Evin sözçüsü əlavə edib ki, ABŞ prezidenti Donald Tramp və onun enerji komandası vəziyyəti yaxından izləyir, enerji sənayesi nümayəndələri ilə müntəzəm əlaqə saxlayır.
Onun sözlərinə görə, ABŞ ordusu prezidentin göstərişinə uyğun olaraq Hörmüz boğazının açıq saxlanılması üçün əlavə variantlar üzərində də işləyir.
Müşahidəçilər bildirirlər ki, bu addımlar ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra neft qiymətlərinin yüksəlməsi ilə bağlı Vaşinqtonun narahatlığını göstərir. Enerji qiymətlərindəki artımın həm ABŞ istehlakçılarına və bizneslərinə, həm də qarşıdan gələn noyabr ara seçkiləri ərəfəsində Respublikaçıların siyasi mövqeyinə təsir göstərə biləcəyi qeyd olunur.
Qeyd edək ki, bazar ertəsi günü isə qlobal enerji bazarında gərginlik səbəbindən neftin qiyməti 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə yüksələrək 119 dollardan yuxarı qalxıb. Buna səbəb kimi Səudiyyə Ərəbistanı və digər istehsalçı ölkələrdə mümkün tədarük azalmasının qlobal neft bazarında ciddi pozuntular yarada biləcəyi ilə bağlı narahatlıqlar göstərilir.
