Rusiya dizel ixracına qoyulan məhdudiyyətləri uzada bilər | Banco.az

Rusiya dizel ixracına qoyulan məhdudiyyətləri uzada bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya dizel yanacağının ixracına tətbiq olunan mövcud məhdudiyyətləri sentyabrın sonuna qədər uzatmağı planlaşdırır.

Banco.az xəbər verir ki, qadağanın ilin sonunadək qüvvədə saxlanılması variantı da nəzərdən keçirilir.

Sənaye mənbələrinin məlumatına görə, hazırkı məhdudiyyətlərin sentyabrın sonunadək davam etdirilməsi planlaşdırılır. Qərarın ilin sonunadək uzadılması ehtimalı da gündəmdədir. Rusiya Energetika Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Moskva daha əvvəl də dizel ixracına tətbiq etdiyi məhdudiyyətləri uzadıb. Belə ki, ilkin olaraq iyulun 8-dən 31-dək dizel yanacağının ixracına qadağa qoyulub. Daha sonra yanacaq istehsalçıları üçün ixrac məhdudiyyətləri avqustun 31-dək uzadılıb.

Bununla yanaşı, yanacaq istehsalçısı olmayan şirkətlərin dizel yanacağı və avtomobil benzini ixracına qadağa 31 yanvar 2027-ci ilədək qüvvədə olacaq. Təyyarə yanacağının ixracına tətbiq olunan məhdudiyyət isə 2026-cı ilin noyabrınadək davam edəcək.

Məlumata görə, iyulun sonlarında yerli hakimiyyət orqanları tərəfindən bəzi məhdudiyyətlərin yumşaldılmasından sonra avqust ayında Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı yenidən müşahidə olunmağa başlayıb.