ABŞ və Böyük Britaniya dərmanların qiyməti ilə bağlı razılığa gəliblər | Banco.az

ABŞ və Böyük Britaniya dərmanların qiyməti ilə bağlı razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti Böyük Britaniya ilə dərman qiymətləndirilməsinə dair prinsipial razılaşmaya gəldiyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi (USTR), Ticarət Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən yayımlanan birgə bəyanatda ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Keir Starmerin “iqtisadi rifah” anlaşması çərçivəsində Böyük Britaniyada fəaliyyət göstərən dərman şirkətləri üçün ümumi şərtlərin yaxşılaşdırılmasını qəbul etdikləri xatırladılıb. Razılaşmanın Britaniya dərman şirkətlərinin ABŞ-a investisiyalarını davam etdirməsini təmin edərək, dərmanların inkişafı və istehsalında ABŞ-ın liderliyini gücləndirdiyi vurğulanıb.

Açıqlamada iki ölkə arasında dərman qiymətləri ilə bağlı prinsipial razılaşmaya da toxunulub. Bu çərçivədə qeyd olunub ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) innovativ dərmanlara çəkdiyi xərclərdə son on ildə müşahidə edilən azalma tendensiyası dəyişdiriləcək və yeni dərmanlar üçün ödənilən xalis qiymət 25% artırılacaq.

Bu öhdəliklərə qarşılıq olaraq ABŞ-ın Böyük Britaniya mənşəli dərmanları, dərman komponentlərini və tibbi texnologiyaları “232-ci maddə” rüsumlarından azad edəcəyi bildirilib. Bundan əlavə, Trampın prezidentlik müddəti boyunca “301-ci maddə” araşdırmalarında Böyük Britaniyanın dərman qiymətləndirmə siyasətlərini hədəfə almaqdan çəkinəcəyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram