Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Müasir dünyada maliyyə sistemi sürətlə dəyişir. Bir tərəfdə ABŞ dolları illərdir qlobal iqtisadiyyatda sabitlik və güvən rəmzi olaraq qalır, digər tərəfdə isə kriptovalyutalar kimi texnoloji yeniliklər maliyyə sistemini yeni bir səviyyəyə daşımağa çalışır. Bu mübarizə, yalnız texnologiya və iqtisadiyyat deyil, eyni zamanda ənənəvi və rəqəmsal sistemlər arasındakı fərqli yanaşmaların qarşılaşmasıdır.
Amerikada yaşayan iş adamı Pənah İbrahimov Banco.az-a bu barədə müsahibə verib.
Həmvətənimiz ənənəvi valyutalar, həm də kriptovalyutaların dinamikasını anlamaqda maraqlı perspektiv təqdim edin. O eyni zamanda ABŞ-də uzun illər yaşayan və qlobal iqtisadiyyatın mərkəzində çalışan biri kimi, o, dolların qlobal mövqeyindən və kriptovalyutaların gələcəkdə maliyyə dünyasına gətirəcəyi təsirlərdən danışıb:
Sizcə, ABŞ dollarının qlobal iqtisadiyyatda bugünkü mövqeyi necədir və gələcəkdə onu hansı dəyişikliklər gözləyir?
ABŞ dolları uzun illərdir ki, qlobal iqtisadiyyatın əsas valyutasıdır. Onun bu mövqeyi, əsasən, ABŞ-ın güclü iqtisadiyyatı və maliyyə sisteminə əsaslanır. Dolların beynəlxalq ticarət və ehtiyat valyutası kimi istifadə edilməsi onu iqtisadi sabitliyin simvoluna çevirib. Lakin son illərdə rəqəmsal valyutalar və digər valyutalarla rəqabət artıb. Gələcəkdə dolların bu liderliyi qoruyub-qorumayacağını qlobal iqtisadi dəyişikliklər müəyyən edəcək.
Necə düşünürsünüz, kriptovalyutalar dollar kimi ənənəvi valyutalar üçün təhlükə yarada bilərmi?
Kriptovalyutalar artıq qlobal maliyyə sistemində öz yerini tapıb. Kriptovalyutanın əsas üstünlüyü onun texnoloji çevikliyidir – sərhədsiz mübadilə, anonimlik və sürətli tranzaksiyalar. Ancaq bu valyutalar tənzimlənməmiş bazara əsaslandığı üçün sabitlik baxımından dollarla rəqabət aparmaq çətindir. Gələcəkdə, əgər tənzimləmə məsələləri həll olunarsa, kriptovalyutalar daha güclü mövqelər qazana bilər.
Sizcə, ABŞ-nin kriptovalyutalara yanaşması necə dəyişib?
ABŞ əvvəlcə kriptovalyutalara qarşı ehtiyatlı yanaşırdı. Ölkədə tənzimləmə sistemi çox sərt olduğu üçün kriptovalyutaların geniş istifadə edilməsində müəyyən çətinliklər var idi. Lakin son illərdə bu yanaşma dəyişib. Bir çox platformaların bazara daxil olması, Bitcoin və Ethereum kimi valyutaların daha çox qəbul edilməsi ABŞ-da kriptovalyutaların tanınmasına şərait yaratdı. Bu dəyişiklik həm də texnologiyanın gücü və investorların marağından qaynaqlanır.
Dolların qlobal mövqeyini itirməsi kriptovalyuta arasında rəqabətdə uduza bilməsi ehtimallarına münasibətiniz necədir?
Dollar və kriptovalyuta arasında olan mübarizə əslində iki fərqli sistemin qarşıdurmasıdır. Dollar sabitlik və etibar üzərində qurulub, kriptovalyuta isə innovasiya və çeviklik üzərində. Əgər kriptovalyutalar texnoloji cəhətdən daha geniş tətbiq olunarsa və tənzimləmə məsələləri həll edilərsə, bu, onların daha çox qəbul olunmasına səbəb ola bilər. Lakin dolların qlobal mövqeyini itirməsi üçün yalnız texnologiya yetərli deyil; dolların iqtisadi və siyasi güc dəstəyi çox önəmlidir.
Kriptovalyutalara investisiya etmək istəyənlər üçün nə tövsiyə edərdiniz?
Kriptovalyutalara investisiya edərkən diqqətli olmaq çox vacibdir. Bu sahə yüksək riskli və dəyişkən olduğu üçün yalnız itirməyə hazır olduğunuz məbləği yatırmağı tövsiyə edirəm. Eyni zamanda, seçdiyiniz platformaların təhlükəsizliyinə diqqət yetirin və bazar haqqında mümkün qədər çox məlumat əldə edin. Texnologiya nə qədər inkişaf etsə də, kriptovalyutaların hələ də tənzimlənməmiş olması onların təhlükəsizlik səviyyəsini azaldır. İnvestisiya etmədən öncə hər zaman riskləri düzgün qiymətləndirmək lazımdır.
Maraqlıdır, sadə amerikalının biznes və bu sahədə olan layihələrə maraqları nə dərəcədə inkişaf edib?
Amerika ciddi şəkildə inkişaf etməyə, startaplara güc verməyə yönəlmiş bir dövlətdir. Dövlətin bu sahəyə yönələn siyasəti yeni biznes modellərinin inkişafını dəstəkləyir. Bu, həm yerli, həm də xarici sahibkarlar üçün cəlbedici bir mühit yaradır. Texnologiya sahəsindəki inkişaf, biznes üçün daha geniş imkanlar və daha sürətli böyümə şəraiti yaradıb. İnternetin geniş yayılması, rəqəmsallaşma və e-ticarətin artması sahibkarlıq fəaliyyətini daha əlçatan edir. Amerikada 150 milyondan çox istehlakçı var. Bu, biznesin genişlənməsi üçün böyük bir imkan yaradır.
Bəs rəqabət barədə nə deyə bilərsiniz? Hər halda Azərbaycanla müqayisədə daha fərqli məqamlar olmalıdır.
ABŞ-da rəqabət çox yüksək səviyyədədir və bazara daxil olan hər bir biznes özünü təsdiqləmək üçün böyük zəhmət çəkməlidir. Lakin bu rəqabət eyni zamanda innovasiyanı stimullaşdırır və sahibkarlara daha çox inkişaf imkanı yaradır. Amerikaya gələn bir çox miqrantlar buradakı biznes mühitinin şəffaflığı və imkanlarını yüksək qiymətləndirir. Amerikada biznes qurmaq yalnız ideya ilə deyil, həm də ciddi zəhmət və planlama ilə mümkün olur. Sahibkarların uğur qazanması üçün davamlı çalışmaları əsas şərtdir.