10 ayda Azərbaycanda 12 mindən çox şirkət dövlət qeydiyyatına alınıb | Banco.az

10 ayda Azərbaycanda 12 mindən çox şirkət dövlət qeydiyyatına alınıb

2025-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 660 min 182 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidməti  xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 7,0 faiz artıb.

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 2024-cü ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 202 min 88 vahid təşkil edib. 2025-ci ilin yanvar - oktyabr aylarında 12 min 42 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 faiz təşkil edib.

Qetd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:

Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;

Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;

Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.