Müəllif: Gülnar Əhmədli, Banco.az
Artıq 2025-ci il yekunlaşır. Bu il Azərbaycan iqtisadiyyatı üçün yaddaqalan bir il oldu. Bəs gələn il iqtisadiyyatdan gözləntilər nələrdir?
Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev fikirlərini Banco.az-la bölüşüb.
İqtisadçı ümumi mənzərəni şərh edib.
Vergi Məcəlləsinə dəyişikliklər
İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsində edilən dəyişikliklər göstərir ki, sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər mərhələli şəkildə aradan qaldırılacaq: “Bu güzəştlərin məqsədi sahibkarların vergi yükünü azaltmaq, işçi qəbulunu stimullaşdırmaq və özəl sektorun inkişafına şərait yaratmaq idi. Eyni zamanda ƏDV ilə bağlı dəyişikliklər də nəzərdə tutulur və limitlərin artırılması müsbət hal kimi qiymətləndirilə bilər. Lakin bu dəyişikliklərin tətbiq mexanizmlərində müəyyən nüanslar mövcuddur və onların kimlərə şamil ediləcəyi dəqiqləşdirilməlidir.
Ümumi mənzərəyə baxdıqda, Vergi Məcəlləsindəki dəyişikliklər fonunda iş yerlərinin azalması ehtimalı da mövcuddur. Bundan əlavə, Əmək Məcəlləsində də bir sıra dəyişikliklər nəzərdə tutulur. Xüsusilə distant işlə bağlı müddəalar müsbət qiymətləndirilə bilər. Bu dəyişikliklər işəgötürənlərin xərclərini azaldır və xüsusilə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün yeni imkanlar yaradır”.
“Təhsil sahəsində də distant təhsil imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Şagird sayı az olan məktəblərin saxlanmasının dövlət üçün baha başa gəlməsi bu istiqamətdə qərarların qəbulunu zəruri edir. Bu müddəaların qanunvericilikdə əksini tapması sahibkarlıq subyektləri üçün də müəyyən müsbət təsirlər yarada bilər. Bununla belə, ümumi əmək bazarında işsizliyin artması ehtimalı qalır.
İşçilərin hüquqlarının müdafiəsi ilə bağlı Əmək Məcəlləsində də dəyişikliklər gözlənilir. Məzuniyyət hüquqları, atalıq məzuniyyəti və beynəlxalq əmək münasibətlərinə uyğunlaşma bu dəyişikliklərin əsas istiqamətləridir. Hazırda Əmək Məcəlləsində daha çox işəgötürənləri qoruyan müddəalar üstünlük təşkil edir və balansın qorunması üçün işçilərin hüquqlarının gücləndirilməsi zəruridir”, - iqtisadçı qeyd edib.
Rauf Qarayev digər məslələrlə bağlı bu fikirləri səsləndirib:
Büdcə gözləntiləri
Büdcə baxımından bəzi layihələrin icrasının dayandırılması mümkündür. Maliyyə Nazirliyi qənaət məqsədilə əlavə addımlar ata bilər. Büdcə təşkilatlarında yoxlamaların sayının artması və vəsaitlərin səmərəsiz xərclənməsinin qarşısının alınması bu siyasətin əsas istiqamətləri olacaq.
Qeyri-neft-qaz sektorunun inkişafı

Qeyri-neft sektorunda yaşıl enerjiyə keçidlə bağlı işlər davam edəcək. Bu sahədə fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştləri və kredit imkanları nəzərdə tutulur. 2026-cı ildə yaşıl enerji sahəsində yeni müəssisələrin açılması, kadr hazırlığı və xarici mütəxəssislərin cəlb edilməsi ehtimal olunur. Bu istiqamət qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.
Kənd təsərrüfatında dirçəliş və regionlarda, xüsusilə Qarabağda sənaye müəssisələrinin açılması gözlənilir. Yüngül sənayenin inkişafı da bu prosesin bir hissəsi ola bilər.
Neft və qaz sektorunda yeni yataqların aşkar edilməsi və hasilatın artırılması istiqamətində addımlar atıla bilər. Neft qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata ciddi mənfi təsir göstərəcəyi gözlənilmir. Regional enerji layihələri və yeni ixrac marşrutları da gündəmdədir.
Kommunal xidmətlərin qiyməti
2026-cı ildə kommunal xidmətlərdə və nəqliyyatda qiymət artımı ehtimalı mövcuddur. Limit sistemlərinə yenidən baxılması da müzakirə olunur.
Xarici ölkələrə münasibətlər
Ekspert vurğulayıb ki, xarici iqtisadi əlaqələr baxımından Gürcüstanla münasibətlərin daha da möhkəmlənməsi gözlənilir: “Rusiya ilə iqtisadi münasibətlərdə yumşalma və yeni layihələr mümkün ola bilər. İranla münasibətlərdə balans qorunacaq. Özbəkistanla iqtisadi əlaqələr genişlənməkdə davam edir. ABŞ və Avropa ölkələri ilə münasibətlər stabil olaraq qalır, hər hansı sanksiya riski müşahidə edilmir. Çinlə iqtisadi əlaqələrin isə xüsusilə genişlənməsi nəzərə çarpır”.
Qiymət artımları
Son olaraq qiymət artımları ilə bağlı qeyd edib ki, qiymət artımı əsasən idxaldan asılı məhsullarda müşahidə oluna bilər: “Kənd təsərrüfatı məhsullarında isə qiymət dəyişiklikləri mövsümi xarakter daşıyacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!
