Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən dəyərli brendlərinin 25-ci illik reytinqi açıqlanıb.
Banco.az xəbər verir ki, reytinq qlobal brendlər üçün konsaltinq şirkəti olan “Interbrand” tərəfindən dərc edilib.
Belə ki, “Apple”, “Microsoft” və “Amazon” ümumi brend dəyərindəki artımın yavaşlamasına baxmayaraq, liderliklərini qoruyub saxlayıblar. Bu il onların ümumi dəyəri 3% artaraq 3,4 trilyon dollara çatıb ki, bu da son illərin ən aşağı artım tempidir.
“Apple”ın brend dəyəri 3% azalaraq 488,9 milyard dollar təşkil edib. Analitiklər bunu süni intellektə sərmayə yatırmağa ehtiyatlı yanaşma ilə əlaqələndiriblər.
İlk onluğa daxil olan şirkətlərin əksəriyyəti il ərzində brend dəyərlərinin artdığını müşahidə edib. “Apple”dan başqa istisna “Mercedes” olub – brendin dəyəri 4% azalaraq 58,9 milyard dollar təşkil edib.
İlk 10-luğa “Google”, “Samsung”, “Toyota”, “Coca-Cola”, “Mercedes”, “McDonald's” və “BMW” daxildir. Ən sürətli artımı “Ferrari” və “YouTube”da müşahidə olunub. Reytinqə ilk dəfə olaraq “Nvidia”, “Pandora”, “LG Electronics” və “Jordan” yer alıb.
"Interbrand", qısamüddətli nəticələrə diqqət yetirməsi səbəbindən brendlər üçün itirilmiş fürsəti 3,5 trilyon dollar dəyərində qiymətləndirir. Şirkətin rəhbəri Qonsalo Bruxo qeyd edib ki, brendlərin strateji idarə olunması ilə onların dəyəri 6,9 trilyon dollara çata bilərdi.