2018-ci ilin dövlət büdcəsi: Kim nə qədər xərcləyəcək? - AÇIQLAMA | Banco.az

2018-ci ilin dövlət büdcəsi: Kim nə qədər xərcləyəcək? - AÇIQLAMA

Milli Məclis "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini təsdiq edib.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

Büdcənin xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21, 047 mlrd. manat məbləğində təsdiq olunub.  2018-ci ildə büdcənin kəsiri 920 mln. manat proqnozlaşdırılıb. Bu, ölkə üzrə ümumi daxili məhsulun 1,3%-i qədər olacaq. Büdcədə neftin baza qiyməti 45 dollar səviyyəsində götürülüb. 

Büdcə layihəsini təhlil edən millət vəkili Vahid Əhmədov bildirdi ki, 2018-ci ilin büdcəsinin gəlir və xərcləri  2017-ci ilin büdcəsindən 20 faiz artıqdır. 

Deputatın sözlərinə görə, büdcənin 36,6 faizi sosialyönümlü xərclər üçün nəzərdə tutulub.

2018-ci il üçün xarici dövlət borclanmasının limiti dövlət borcu ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu da elə böyük rəqəm deyil: “ABŞ, İngiltərə kimi inkişaf etmiş dövlətlərdə dövlət borcu ÜDM-in 100 faizini təşkil edir. Düzdür, büdcədə müəyyən problemlər var. Bu, Neft Fondundan transfertlərlə bağlıdır”.

V.Əhmədov cari ilin büdcəsində neftin qiymətinə də toxundu: “2017-ci ilin büdcəsində neftin 1 bareli 40 dollardan hesablanmışdı. İndi bu rəqəm 45 dollardan götürülüb. Hesab edirəm, növbəti ildə dünya bazarında neftin qiyməti 50-55 dollardan aşağı olmayacaq. Əlavə vəsait daxil olarsa, may ayında büdcəyə yenidən baxıla bilər”.  

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, növbəti il üçün büdcə gəlirləri bu illə müqayisədə 3 milyard 361 milyon manat artırılsa da, bu artımın 96,8 faizi neft gəlirləri hesabına təmin ediləcək.

Onun sözlərinə görə,  bütövlükdə gələn il üçün büdcəyə mədaxil olunacaq hər 100 manatdan 55 manat 10 qəpiyi birbaşa neft pulları hesabına formalaşacaq: “Deməli, gələn ilin büdcəsi bu illə müqayisədə daha çox neft gəlirlərindən və dünya bazarında neftin qiymətindən asılı vəziyyətə düşəcək. Bu, həmçinin növbəti ilin büdcəsində sabit və davamlı mənbələrdən daxilolmaların cari illə müqayisədə az olacağını deməyə əsas verir”.

Büdcənin xərclərinə toxunan ekspert bildirir ki, gələn il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 38 manatı tikintiyə, 19 manat 50 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək. 

Mənbə: Oxu.az