Azərbaycanda satıcısız mağaza açıldı | Banco.az

Azərbaycanda satıcısız mağaza açıldı

Qaxda satıcısız un məmulatları mağazası fəaliyyətə başlayıb. Burada alıcılar məhsulu özləri seçir, ödənişi isə kassaya edirlər.

Yeni satış modeli sakinlərin marağına səbəb olub.

Qaxda fəaliyyətə başlayan satıcısız mağaza fərqli ticarət modeli ilə diqqət çəkir. Bu yenilik sakinlərin marağına səbəb olmaqla yanaşı, insan etibarının da sınağa çəkildiyi bir məkan kimi seçilir.

Sakinlər bildirirlər ki, belə bir mağazanın açılacağını ilk eşidəndə inanmayıblar. İndi isə bu yeniliyi öz gözləri ilə görməkdən məmnunluq duyurlar.

Mağazanın sahibi Rüstəm Ramazanlı bildirir ki, bu satış modeli bir sıra inkişaf etmiş ölkələrdə özünü doğruldub. Onlar da həmin təcrübəni Qaxda tətbiq ediblər. Sahibkarın sözlərinə görə, gələcəkdə həm mağazadakı məhsul çeşidini genişləndirmək, həm də bu təcrübəni ölkənin digər şəhərlərində də tətbiq etmək niyyətindədirlər.

Qaxda tətbiq olunan bu fərqli satış modelinin gələcəkdə digər şəhərlərdə də yaradılacaği gözlənilir.