"Bosch" 24 min iş yerini ixtisar edəcək | Banco.az

"Bosch" 24 min iş yerini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil komponentləri istehsalçısı "Bosch" 2032-ci ilə qədər 24 min iş yerini ixtisar etməyi planlaşdırır.

Şirkət bu addımı biznesin restrukturizasiyası və xərclərin azaldılması çərçivəsində həyata keçirəcək.

Banco.az  xəbər verir ki, “Handelsblatt” qəzetinin məlumatına görə, "Bosch" Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən Abstatt zavodunda da 750 iş yerini ixtisar etmək qərarına gəlib.

İxtisarların əsas səbəblərindən biri Çin istehsalçılarının artan rəqabətidir. Abstatt zavodunda əyləc sistemləri hazırlanır. Lakin Çin avtomobil istehsalçılarının bu sistemlərin daha yeni versiyalarını yerli bazarda tətbiq etməsi Almaniyadakı istehsal güclərinə təsir göstərir.

"Bosch" biznesin optimallaşdırılması nəticəsində ildə təxminən 2,5 milyard avro qənaət etməyi gözləyir.

Şirkətin avtomobil biznesi 27,8 milyard avro gəlir əldə edib. Bu göstərici Bosch-u dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri kimi mövqeləndirir.

Çinin elektrik avtomobilləri və batareya sektorunda fəaliyyət göstərən "CATL" şirkəti isə eyni dövrdə 25 milyard avro gəlir əldə edib.

Yeni ixtisarlar Almaniya avtomobil sənayesində rəqabət təzyiqinin davam etdiyini göstərir. Bosch-la yanaşı, "Continental" və "ZF" kimi digər avtomobil təchizatçıları da xərcləri azaltmaq və istehsal fəaliyyətlərini yenidən qurmaq istiqamətində addımlar atırlar.