Günümüzdə xarici dilləri bilmək həm karyera perspektivləri, həm də fərdi inkişaf baxımından çox əhəmiyyətli bir üstünlükdür. Əmək bazarının mövcud tələblərini nəzərə alanda bir xarici dil bilmək normal bir qanunauyğunluq sayılır. Yalnız ikinci və üçüncü xarici dili bilmək üstünlük hesab oluna bilər.
Tələbələr və hətta işləyən insanlar hansı dili öyrənməli olduqları barədə çox vaxt qərarsız qalır. Heç kəsə sirr deyil ki, hələ də dünyanın ən populyar dili ingilis dilidir. Beynəlxalq səviyyədə əməkdaşlıq edərkən insanlar məhz bu dildə ünsiyyət qururlar. İngilis dili rəsmi olaraq biznes dili kimi qəbul olunub və praktik olaraq bütün beynəlxalq forumlar, konfranslar, görüşlər və danışıqlar onun vasitəsilə həyata keçirilir.
Ardınca alman dili gəlir. Almaniya çox güclü iqtisadi və texniki ölkə olduğuna görə beynəlxalq biznesdə maliyyə məsələlərinin həll olunmasında məhz alman dili tələb olunur.
Fransız dili çox məşhurdur, belə ki, fransız dili bilənlər fransız əməkdaşlar tərəfindən fransız mədəniyyəti və ənənələrinə hörmət nümayiş etdirdiyinə görə yüksək qiymətləndirilir.
Dillərin belə bölgüsü ənənəvi haldır. Lakin müəyyən bir dildə danışanların sayına baxsanız, tamamilə fərqli bir mənzərə görə bilərsiniz. İşəgötürənlər əsasən bu mənzərəni nəzərə alırlar.
Ana dili kimi götürsək, ən çox yayılan dillər çin dili (800 milyon adam), ispan, ingilis, hind, ərəb, benqal, portuqal və rus dilləridir. Dilin daşıyıcısı olmasa da, hər hansı dili bilmək göstəricisinə görə götürdükdə isə ingilis dili ön plana çıxır (744 milyon insan civarında). Daha sonra hind, fransız, malay dili gəlir. Çin dili bu bölgü zamanı 5-ci yerdə gəlir.
Əgər native speakers və bu dildə sadəcə ikinci dil kimi danışanları qruplaşdırsaq, bu qrafiki alarıq:
Göründüyü kimi, alman və fransız dilləri heç də ilk yerlərdə deyil. Niyə dillərin populyarlığı və bu dillərdə danışan əhalinin sayı arasında belə ciddi fərq var?
İngilis dili artıq bir normaya çevrilmişdir və bu trend zamanla möhkəmlənir. Çünki ingilis dili həm karyera, həm də məişət səviyyəsində lazımlılıq cəhətdən çox əhəmiyyətli dildir.
Alman və fransız dilərini isə gələcək iş və miqrasiya perspektivlərini nəzərə alaraq öyrənirlər. Çünki Almaniya və Fransa kimi İEÖ-lərdə işləmək çox cəlbedicidir, ən azından səyahət etmək olar. Həmçinin ingilis dilini bilən biri üçün bu dilləri öyrənmək asandır, belə ki, üçü də roman-german qrupuna aiddir.
Ən çox tələb olunan dillərdən danışsaq, bu artıq fərdi məsələdir. İngilis dilini birmənalı olaraq bilməlisiniz. Digər dilləri öyrənməkdə qərar vermək üçün şəxsi məqsədlərinizi dəqiqləşdirməlisiniz. İlk öncə bu suallara cavab verin:
- Hansı peşənin sahibi olmaq istəyirəm?
- Hansı şirkətdə işləmək istəyirəm?
- Hansı ölkələrdə olmaq istəyirəm?
- Hansı dillər xoşuma gəlir?
Qlobal götürsək, çin, yapon, ərəb dili kimi çətin öyrənilən dillərə də diqqət yetirmək lazımdır. Sosioloqların və linqvistika üzrə mütəxəssislərin əksəriyyəti iddia edir ki, 10-15 il sonra çin dilinin beynəlxalq ünsiyyət və biznes dili olmaq ehtimalı olduqca yüksəkdir.
Yapon dili də get-gedə daha çox tələb olunur. Gündoğar ölkədə iqtisadiyyatın bir çox perspektivli sahəsinin yüksək inkişafı yapon dilini də cazibəli edir.
Bir çox mütəxəssis «nadir», «azsaylı» dilləri öyrənməyi tövsiyə edir, buraya fin, isveç və digər şimali-german dilləri daxildir. Belə seçim bu ölkələrlə iş aparan işəgötürənlərin diqqətini çəkməyinizə kömək edəcək.
Hansı dili seçək?
Praktika göstərir ki, ikinci, üçüncü və daha çox dil bilmək “qiymətinizi qaldırır” və qarşınızda yeni qapılar açır. Əmək bazarında ən çox ingilis, alman, fransız, ispan dili bilən insanlara tələbat mövcuddur. Hərçənd çin, yapon, türk, ibrani, holland, isveç dili bilənlər daha çox qazanır.
Dilləri necə öyrənək?
Dili öyrənməyin effektivliyi və sürətliliyi məşğələlərin müntəzəmliyindən asılıdır. Hər gün yarım saat məşğul olmaq daha təsirlidir, nəinki həftədə 2 dəfə 3 saat məşğul olmaq.
Bir neçə dil qrupu mövcuddur:
German (ingilis,alman)
Roman(italyan,ispan,fransız)
Şərq (çin,yapon) və s.
Eyni dil qrupundan olan dilləri öyrənmək daha asandır. 2-3 dil öyrəndikdən sonra növbəti dillər qat-qat rahat mənimsənilir. Bəzən insan bildiyi bütün dilləri bir-birinə qarışdıra da bilir. Bir halda ki, siz əmək bazarının tələbatını nəzərə alaraq xarici dil öyrənməyi qarşınıza məqsəd qoymuşsunuz, daha uğurlu kombinasiya ingilis-çin-alman və ya ingilis-polyak-yapon olardı.
Dili harada öyrənmək olar?
Buna hər kəs öz imkanlarına, qabiliyyətinə əsasən qərar verməlidir. Şəhərinizdəki xarici dil kurslarında, xaricdəki dil kurslarında, repetitorla məşğul olaraq, qabaqcıl texnologiyalar vasitəsilə müstəqil şəkildə istənilən xarici dili öyrənə bilərsiniz. Maddi vəziyyət imkan verdiyi halda bir dili öyrənməyin ən mükəmməl yolu o dilin danışıldığı ölkədə bir müddət yaşayaraq öyrənməkdir. Əgər maddiyyatınız əl vermirsə, bu da problem deyil. Hal-hazırda onlarla keyfiyyətli proqram və tətbiqlər, onlayn xarici dil dərsləri (məsələn, poliqlot Dmitri Petrovun bir neçə dildə pulsuz onlayn kursu var) və s. mövcuddur. Müxtəlif proqramlarla asanlıqla və əyləncəli bir şəkildə xarici dil öyrənə bilərsiniz. Əmin olun, əcnəbilər də öz ana dillərini sizə öyrətməkdə həvəslə yardım edəcəklər. Yetər ki, siz özünüz ürəkdən istəyin və müntəzəm çalışın.
Nigar Umaxanlı, banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!