O, Türkiyənin əsas 8 “dollar milyarderi”ndən biridir.
İdarəetməni atası Ayhan Şahenkdən təhvil aldığı zaman 37 yaşı vardı. Hazırda 44 yaşındadır və 7 milyard dollarlıq holdinqə sahibdir. Söhbət Ferif Şahenkdən gedir.
Futbolçu olmaq istəyirdim
Ferid Şahenk 1964-cü ildə Ankarada dünyaya gəlib. Anası Deniz Şahenk, atası iş adamı Ayhan Şahenkdir. Feridin, eyni zamanda, Filiz adlı bacısı var. Əslən Nigdedən olan Şahenklər İstanbulda yaşayırlar.
Ferid litsey təhsilini İsveçrədə alıb. Boston kollecindən məzun olub. Yüksək təhsilini Harvard Universitetinin Owner / President proqramı ilə tamamlayıb. 1988-ci ildə “Manufacturers Hannover” də bankir təcrübəsi keçib. Türkiyəyə qayıtdıqdan sonra atası öz şirkətlərində ona müxtəlif vəzifələr verib.
Amma öz söylədiyinə görə, uşaqlıqda futbolçu olmaq istəyirmiş. Hələ də futbolçu olmamağına təəssüflənir.
“Mexanika idxal edən şirkətimiz var idi. Liseydə iki yay marketinq satış hissəsində işlədim. İlk pulumu orada qazandım. Universitetdən sonra ABŞ-da bankda təcrübə keçdim. Sonra Londondakı inşaat şirkətində idxal və lojistik bölümündə işlədim. Türkiyəyə qayıtdıqdan sonra özümü sübut etmək və ölkənin dörd bir tərəfini gəzə bilmək üçün “Menkul Kıymetler”ə əl atdım. İnvestisiya bankçılığı bölümünü yaratdıq”.
Türkiyəyə qayıdış
F.Şahenk Türkiyəyə qayıtdıqdan sonra müxtəlif işlərdə işləyir. 1991-ci ildə “Garanti Menkul Kıymetler” şirkətini yaradır. Artıq 1994-cü ildə bu, Türkiyənin ən böyük daşınmaz əmlak şirkəti olur. Elə həmin ildə şirkət “Doğuş Qrupu”nun investisiya bankına çevrilir və yeni qurulan bu bankın İdarə heyətinin rəhbərliyinə Ferit Şahenk gətirilir. 1990-1997 illərdə “Doğuş Otomotiv Qrupu” İdarə heyətinə rəhbərlik edir. 2001-ci ildə atası Ayhan Şahenkin vəfat etməsindən sonra 37 yaşında “Doğuş Holdinq”in rəhbəri olur.
Həyatda atasını, professional iş həyatında müdirini itirən Şahenk həmin vaxtları belə xatırlayır: “İşin ən çətin tərəfi bu idi. Yataq otağımdan Ayhan bəyin yataq otağına birbaşa telefon xətti vardı. Bu nömrəni təkcə ikimiz bilirdik. Müdhiş psixoloji rahatlaşdırma yaradardı məndə. Hələ də o telefonu yığışdırmamışam. Necə edim? 37 yaşında şirkətin rəhbəri olmağıma gəlincə, insan bu məqama gələnə qədər özündən əmin ola bilmir. “Doğuş Holdinq” böyük qrupdur. Onun məsuliyyətini almaq bir imtahan kimi idi. Uğurlu olub-olmayacağını düşünürdüm. Ayhan bəyin “ən qiymətli sərmayəm bərabər işlədiklərimdir” sözünü heç zaman unutmadım. Kimsəyə işçim kimi yanaşmıram, biz birlikdə işləyirik”.
O ki qaldi iş adamının həyata bir addım irəlidən başlamasına, bu haqda özü belə deyir: “İrəlidə başlamamışam. Liseyi İsveçrədə 30-40 millətin tələbələriylə bir arada, internatda oxudum.
Qloballaşmanı, beynəlxalq düşüncəni orada öyrəndim. Məktəb həyatı məni həyat məktəbinə hazırladı. Ayhan bəydən sonra üç ortaq qaldıq – anam, bacım və mən. Mənə indiyə qədər heç bir qərar haqqında sual verməyiblər. Əvvəldən dedilər ki, sona qədər arxandayıq. Ailə baxımından çox şanslıyam. İş yoldaşlarıma görə də. Gecə yarı beynimə sual dolsa, hansına zəng etsəm, “of” demədən gələrlər”.
Sabib olduqları
“Forbes”in dəyərləndirməsinə görə, Ferit Şahenkin 2,3 milyard sərvəti var. Ötən bir il ərzində sərvəti 11,6 milyon dollar artıb. F.Şahenkin rəhbəri olduğu “Doğuş Qrupu” və ya “Doğuş Holding A.Ş” maliyyə, avtomobil, inşaat, media, turizm, daşınmaz əmlak və enerji olmaqla yeddi sektorda fəaliyyət göstərir. Qrupa 150-yə yaxın şirkət daxildir. Bank və maliyyə sahəsində “Garanti Bankası”, ”Garanti Mortgage”, “Garanti Emeklilik ve Hayat”, “Garanti Leasing”, “Garanti Factoring”, “Garanti Yatırım”, “Garanti” Portföy,”Garanti Ödeme Sistemleri”, “Garanti Filo Yönetim Hizmetleri A.Ş.”, “Eureko Sigorta”, “Garanti Bank Moscow”, “Garanti Bank İnternational N.V. ; informasiya texnologiyaları sahəsində “Doğuş Teknoloji”, “Garanti Teknoloji”; avtomobil – “Doğuş Otomotiv”, ”Volkswagen”, ”Audi”, “Porsche”, ”Bentley”, ”Lamborghini”, ”Bugatti”, ”Seat”, ”Skoda”, ”Scania” və sair; enerji sahəsində – “Doğuş Enerji Üretim ve Tic. A.Ş”, “Boyabat Elektrik Üretim ve Ticaret Ltd. Şti.”, “Aslancık Elektrik Üretim ve Ticaret Ltd. Şti.”,”D-Tes Elektrik Enerjisi Toptan Satış A.Ş” fəaliyyət göstərir.
“Doğuş Yayın Qrupu” isə 2013-cü ildən etibarən Türkiyənin ən böyük 4 media qrupundan biridir. Qrupda 8 televiziya kanalı, 8 radio kanalı, 5 internet portalı, 6 jurnalı və nəşriyyat da daxil olmaqla, 28 media təşkilatı fəaliyyət göstərir. Türkiyənin ilk xəbər kanalı “NTV”, ilk maliyyə kanalı “CNBC”, ilk özəl telekanalı “Star TV”, ilk musiqi kanalı “Kral” qrupa daxildir.
Gezi hadisələri iş adamına baha başa gəlir
Bir il əvvəl Gezi Parkı ilə bağlı Türkiyədə baş verən iğtişaşların “Doğuş Holdinq”ə mənfi təsir göstərdiyi irəli sürülür. Əvvəla, holdinq birjada böyük eniş yaşadı. Ümumilikdə, mitinqlər ərəfəsində “Doğuş Holdinq” bazarda 2.465 milyard dollar itirdi.
Eyni zamanda, qrupun sabiq baş nazir Rəcəb Tayyib Ərdoğanla münasibətləri gərginləşdi. Buna səbəb holdinqin tərkibinə daxil olan media qurumlarından birindəki istiqamət üzrə məqalə dərc edilməsi olur. Düzdür, sonradan qəzetin rəhbərliyi işdən çıxarılır, eləcə də mətbu orqanın fəaliyyəti dayandırılır. Amma artıq əsas səhv buraxılmışdı.
Onu da bildirək ki, F.Şahenk “Star” telekanalını aldıqdan sonra sahib olduğu kanallarda AKP-nin istəmədiyi nə qədər xəbərçi, şərhçi, spiker varsa, hamısını işdən çıxarmışdı. Onun hətta Tayyibin bir sözünü yerə salmadığını, bütün tapşırıqları yerinə yetirdiyini deyirlər. Məhz hökumətlə qurduğu dostluq əlaqələrinin bəhrəsini də sürətlə aldı. Atasından qalan varidatı daha da artıraraq Türkiyənin ən zəngin iş adamı oldu.
Etmək istəyib edə bilmədikləri, hobbisi, gündəlik həyatı
İş adamı deyir ki, insan həyatda etmək istədiklərini rahatlıqla edə bilər: “Türkiyəni daha da inkişaf etdirmək üçün məhsul, marka, ortaqlıq – hamısına müsbət baxıram. Dünənə qədər “Garanti Bank”ında GE ortağımız idi. İndi isə ispan şirkəti olan BBVA bu missiyanı yerinə yetirir. Nyu York universitetindən sonra işləyirdim. “General Electric”in qarşısından keçəndə deyirdim “kaş ki onları tanış olardım”. Müəyyən nöqtəyə gəldikdə artıq, bu fürsət qarşıma çıxdı. Ankarada Çankayadan Kızılaya avtobusa minib gedən adamam. Gec yatmağı xoşlayıram, amma hər səhər 06.30-da oyanıram. Ümumilikdə, cəmi 4 saat yatıram. Yaradılışdan, yoxsa balıq bürcü olmağımdan qaynaqlanır bilmirəm, kiçik şeylərə dərhal sevinib, dərhal də üzülürəm. Həftənin beş günü idman edirəm. Üzməyi 7-8 yaşlarında öyrənmişəm. Amma keçən il bir məşqçi ilə üzdüm və anladım ki, əslində 38 ildir üzməyi bilmirəmmiş…
Yeməyi sevirəm. Qırmızı ət az yeyərəm. Axşam ət yeyəcəyəmsə, günorta mütləq balıq yeyirəm. Ümumiyyətlə, nahara zeytun yağında bişirilən, qatıqlı, tərəvəzli, pomidorlu qəhvəyi makaron yeyirəm. Şirniyyatdan uzaq dururam. Məkan olaraq yapon restoranlarına gedirəm. Şəkil çəkməyi sevirəm. Film izləməkdən, fotoşəkil çəkməkdən zövq alıram. Orta məktəbdə, lisey vaxtlarında əlimdə “Canon” fotoaparatı qara-ağ fotolar çəkərdim. İndi vaxtım yoxdur. Fotoşəkilin Photoshop variantını xoşlamıram. Marka kolleksiyam var. Dolma qələm və saat kolleksiyasına sahibəm. Bir də, arvadımın heç xoşlanmadığı xasiyyətim var. Aldığım texniki alətlər köhnəlsə də, atmıram”.
Milyarder bildirir ki, tətilə həyat yoldaşı və qızının istədiyi yerlərə gedirlər: “Açığı, tətili evdə keçirməyi çox xoşlayıram. Həyat şərtləri çətin olan yerlərə gedib tətil keçirə bilmərəm. Həyatdan qopmamalıyam. Yəni nəqliyyat asan olmalıdır, yoxsa rahat dayana bilmərəm. Uşaq vaxtı 40 dərəcə qızdırmada belə “məktəbə gedirəm” deyib dirənirdim. Mən yoxkən sinifdə danışılan söhbətləri qaçırmaqdan qorxurdum…
Avtomobil çox maraq duyduğum sahədir. İlk avtomobilim “Volkswagen Scirocco” olub. Hazırda yenə “Volkwagen”ın ‘business van’ını istifadə edirəm. Qaydalara tabe oluram. Sürət ehtirasım yoxdur!”. O, həmdə “Fənərbaxça” klubunun çılğın azarkeşidir.
“Mən dünyaya şanslı gəldim”
Əslində, F.Şahenkin belə düşünməsi normaldır. Çünki dünyaya milyarder bir ailənin uşağı kimi göz açıb. Özü bu haqda belə deyir: “Şans iş adamının həyatında çox əhəmiyyətlidir. Ayhan bəy də, mən də işimizdə məntiqə uyğun hər cür addımı reallaşdırmışıq. İnsan şansını özü yaratmaz. Planlaşdırma, ünsiyyət əhəmiyyətlidir. Amma şans da sizin arxanızda olmalıdır. Həyata şanslı gələnlərdənəm”.
Ailəsi
F.Şahenk Amerika vətəndaşı Diana Şahenklə evlidir. Cütlük Feridin Amerikada təhsil aldığı zamanlarda tanış olublar. Toyları 1989-cu ildə “Hilton” oteldə olub. Ferid və Diana Şahenklərin 1998-ci ildə Dəfnə adlı qızları dünyaya gəlib.
İş adamı ilə bağlı daha bir maraqlı fakt 160 mərtəbəli 828 metr yüksəkliyində dünyanın ən yüksək binası olan “Burj Dubai”də mənzilə sahib olmasıdır. Onu da bildirək ki, binada mənzilin kvadratmetrinin qiyməti 35-40 min dollar arasındadır. Şahenkin bundan əlavə, Bodrumda 8 otaq, 2 böyük salon və 8 hamamdan ibarət lüks villası var. O həmçinin 8,5 milyon TL-yə İstanbulun tarixi səmtlərindən olan Galatada “Eczacıbaşı Holding” in İdarə heyətinin rəhbərinin köməkçisi Faruk Eczacıbaşının sahib olduğu binanın yanındakı tarixi binanı alıb.