Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik səviyyəsi ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 bal azalaraq 8,6 faiz olub.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) 2024-cü ilin oktyabr-dekabr dövrünə dair əmək bazarı statistikasını açıqlayıb.
Buna görə, Türkiyə üzrə 15 və daha yuxarı yaşda olan şəxslər arasında mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlərin sayı ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 23 min nəfər azalaraq 3 milyon 80 min nəfər olub.
Mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,6 faiz təşkil edib. İşsizlik səviyyəsi sözügedən dövrdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz bəndi azalıb. İşsizlik səviyyəsi kişilər arasında 6,9 faiz, qadınlar arasında isə 11,8 faiz olub.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında mövsümi təsirlərdən kənarlaşdırımış işsizlik səviyyəsi ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,5 faiz bəndi azalaraq 16,1 faiz olub. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilər arasında 12,6 faiz, qadınlar arasında isə 22,5 faiz kimi qiymətləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!