Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranda qalaraq ölkənin neft ehtiyatlarına nəzarət edə biləcəyi ilə bağlı açıqlama verib.
Banco.az xəbər verir ki, Tramp bazar günü İrlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın İranda qalaraq “nefti saxlaya” biləcəyini bildirib.
ABŞ Prezidenti bu yanaşmanı Vaşinqtonun Venesuelanın geniş neft ehtiyatlarının bir hissəsinə nəzarət etməsi ilə bağlı cəhdləri ilə müqayisə edib.
Tramp İranla müharibənin bu il başa çatacağına dair gözləntilərini də təkrarlayıb. Onun sözlərinə görə, müharibə ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərindən qısa müddət sonra başa çata bilər.
O, həmçinin İranla müharibə başa çatdıqdan sonra ABŞ-da benzin qiymətlərinin ucuzlaşacağını qeyd edib.
Tramp yalnız “düzgün razılaşma” əldə olunacağı təqdirdə razılaşmanı qəbul edəcəyini, əlverişsiz hesab etdiyi hər hansı razılaşmaya isə getməyəcəyini vurğulayıb. ABŞ Prezidenti İranın davamlı olaraq sülh danışıqlarına çağırış etdiyini də iddia edib. Tehran isə daha əvvəl bu cür iddiaları təkzib edib.
Avqust ayında Venesuela ilə bağlı elan olunan razılaşmaya toxunan Tramp ABŞ-ın İrandan gələcəkdə çıxacağını, lakin Venesuela nümunəsində olduğu kimi nefti “saxlamaq” qərarının da nəzərdən keçirilə biləcəyini deyib.
Tramp əlavə edib ki, ABŞ-ın Venesueladan əldə etdiyi gəlirlər müharibənin xərclərini dəfələrlə ödəyib.
