Quraqlıq Avropa iqtisadiyyatına təzyiqi artırır | Banco.az

Quraqlıq Avropa iqtisadiyyatına təzyiqi artırır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avropada təsirini gücləndirən isti hava dalğası və quraqlıq qitənin ən mühüm ticarət və enerji marşrutları olan Reyn və Dunay çaylarında suyun səviyyəsini rekord həddə endirib. Bu vəziyyət logistika, enerji istehsalı, sənaye və xarici ticarətə mənfi təsir göstərərək iqtisadi təzyiqi artırır.

Banco.az xəbər verir ki, Avropanın əsas daxili su yolu hesab olunan Reyn çayında suyun azalması səbəbindən gəmilər tam yüklə hərəkət edə bilmir, daşınma xərcləri artır və bu da sənaye müəssisələrinin istehsal xərclərini yüksəldir.

Kiel Dünya İqtisadiyyatı İnstitutunun qiymətləndirməsinə görə, aşağı su səviyyəsi Almaniya iqtisadiyyatının üçüncü rübdə ÜDM-nin təxminən 0,2% azalmasına səbəb ola bilər.

Dunay çayında da vəziyyət kritikdir. Çayın suyundan asılı olan Rumıniya, Macarıstan və Bolqarıstandakı atom elektrik stansiyaları fəaliyyətlərini davam etdirmək üçün əlavə tədbirlər görür. Rumıniya hökuməti su axınını artırmaq məqsədilə çay yatağına müdaxilə edib, Macarıstan isə elektrik istehlakını azaltmağa çağırış edib.

Quraqlıq hidroelektrik stansiyalarının istehsalını da azaldır. Avstriyada enerji istehsalı zəifləyib, Serbiyada isə həm elektrik istehsalı, həm də yanacaq daşımaları risk altına düşüb.

Reyn və Dunay çaylarında yaranmış vəziyyət iqlim dəyişikliyinin Avropa üçün təkcə ekoloji deyil, həm də enerji təhlükəsizliyi, logistika, sənaye istehsalı və inflyasiya baxımından ciddi iqtisadi risklər yaratdığını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram