Qızıl ucuzlaşdı: Dünya bazarında nə baş verir? | Banco.az

Qızıl ucuzlaşdı: Dünya bazarında nə baş verir?

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal bazarlarda qızılın qiyməti ABŞ-də faiz dərəcələri və inflyasiya ilə bağlı narahatlıqların yenidən gündəmə gəlməsi fonunda ucuzlaşıb.

Banco.az xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 066,24 dollara enib.

Analitiklər bildirirlər ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı müvəqqəti razılaşmanın başa çatdığını açıqlaması Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı gözləntiləri gücləndirib. Bu isə enerji bazarında inflyasiya riskləri ilə bağlı narahatlıqları yenidən ön plana çıxarıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasından sonra da inflyasiya riskləri ilə bağlı narahatlıqlar davam edir. Qiymət artımlarının genişlənməsi ehtimalı faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və ya artırılması gözləntilərini gücləndirir.

Qızıl ənənəvi olaraq inflyasiyadan qorunma vasitəsi hesab edilsə də, yüksək faiz dərəcələri gəlir gətirməyən bu aktivə olan tələbi zəiflədir və qiymətlərə təzyiq göstərir.

Bu arada, Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3,0%-ə endirib.

Eyni zamanda, Bank of America ABŞ-də pul siyasətinin gözləniləndən daha sərt olacağını nəzərə alaraq 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu 14% azaldıb. Bank hazırda qızılın orta qiymətinin bir unsiya üçün 4 360 dollar olacağını proqnozlaşdırır.

Digər qiymətli metallar bazarında isə spot gümüşün qiyməti 0,3% azalaraq 58,13 dollara düşüb. Platin 0,4% bahalaşaraq 1 585,11 dollar, palladium isə 0,4% artaraq 1 218 dollar olub.