Müəllif:Mehin Qasımova,Banco.az
Avropada enerji bazarları yenidən təlatümlü mərhələyə daxil olur.
Banco.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hərbi-siyasi təzyiqləri, üstəlik ABŞ Mərkəzi Komandanlığı tərəfindən elan edilən dəniz blokadası qlobal enerji qiymətlərini artıraraq xüsusilə Avropa ölkələrində ciddi narahatlıq yaradıb.
Bu kontekstdə Niderlandın Baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius bildirib ki, vəziyyət uzanarsa, Niderland tarixinin ən böyük enerji böhranı ilə üzləşə bilər. Onun sözlərinə görə, hökumət artıq əhali üçün müxtəlif dəstək ssenariləri üzərində işləyir və yaxın həftələrdə xüsusi tədbirlər paketi təqdim olunacaq.
Nazir qeyd edib ki, böhranın həlli düşündüyündən daha mürəkkəbdir və qısa müddətdə aradan qaldırılması real görünmür. Hökumət xüsusilə həssas sosial qrupların qorunmasına üstünlük verməyi planlaşdırır.
Qeyd edək ki, aprelin 11-də İslamabad şəhərində ABŞ və İran arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb. Görüşdə İran tərəfinə parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident J. D. Vance rəhbərlik edib.
Danışıqların uğursuzluğundan sonra bölgədə gərginlik daha da artıb. Xüsusilə Hörmüz boğazı istiqamətində baş verən hadisələr və blokada qərarı qlobal enerji bazarlarında qiymətlərin yenidən yüksəlməsinə səbəb olub.
Ekspertlər hesab edir ki, əgər geosiyasi gərginlik davam edərsə, bu, yalnız Niderland deyil, ümumilikdə Avropada enerji təhlükəsizliyi və inflyasiya baxımından ciddi problemlər yarada bilər.
