Müəllif:Mehin Qasımova,Banco.az
Dünya bazarlarında neftin qiyməti bazar ertəsi günü 2%-dən çox artıb. Buna Yaxın Şərqdə gərginliyin artması və neft tədarükü ilə bağlı narahatlıqların güclənməsi səbəb olub.
Banco.az xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 2,77% artaraq 107,51 ABŞ dollarına çatıb. ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 2,27% bahalaşaraq 102,32 dollar olub.
Neft qiymətlərinin bahalaşmasına Səudiyyə Ərəbistanına husilərin yenidən hücumları və İranın Körfəzdəki gəmilərə hücumları səbəb olub. Regionda artan gərginlik neft tədarükü ilə bağlı riskləri daha da artırıb.
Neft bazarında əsas narahatlıq yaradan məsələlərdən biri də Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəmərinin bağlanmasıdır. Boru kəmərinin fəaliyyətinin dayandırılması ölkədən neft tədarükü ilə bağlı riskləri artırıb.
Səudiyyə Ərəbistanına Hörmüz boğazından istifadə etmədən neft ixrac etməyə imkan verən boru kəmərinin sıradan çıxması qlobal neft tədarükünün 4%-ə qədərini təhlükə altına qoya bilər.
Bununla yanaşı, Yəməndəki husi üsyançılarının strateji Parim adasına çatması Bab əl-Məndəb boğazında da riskləri artırıb. Son aylarda qlobal neft tədarükünün 4-5%-nin bu boğazdan keçdiyi bildirilir.
Tədarükdə yaranan fasilələr fonunda neftin qiyməti həftə ərzində 8% artaraq iyul ayından bəri ilk dəfə 100 dollar həddini keçib.
