Neft həftəyə bu qiymətlə başladı | Banco.az

Neft həftəyə bu qiymətlə başladı

Müəllif:Mehin Qasımova,Banco.az

Bazar ertəsi dünya neft bazarında qiymətlər kəskin yüksəlib. 

Banco.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 3,05 faiz artaraq 90,79 dollara yüksəlib. Bu, 11 iyundan bəri qeydə alınan ən yüksək göstəricidir. Brent markalı neft ötən həftə ərzində ümumilikdə 15,9 faiz bahalaşıb ki, bu da apreldən bəri ən güclü həftəlik artım hesab olunur.

ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 2,65 faiz artaraq bir barel üçün 84,68 dollara çatıb. Bu göstərici 12 iyundan bəri ən yüksək səviyyədir. WTI da ötən həftə 15,5 faiz bahalaşaraq martın əvvəlindən bəri ən güclü həftəlik artımı nümayiş etdirib.

Analitiklər qiymət artımını Yaxın Şərqdə təhlükəsizlik risklərinin yüksəlməsi ilə əlaqələndirirlər. ABŞ və İran arasında qarşılıqlı hücumların intensivləşməsi nəticəsində Hörmüz boğazı vasitəsilə enerji daşımalarında fasilələr yaranıb. Bu isə qlobal neft təchizatı ilə bağlı narahatlıqları artıraraq qiymətlərin yüksəlməsinə səbəb olub.

Gərginlik həftəsonu daha da dərinləşib. Məlumatlara görə, ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hərbi əməliyyatlar həyata keçirib. ABŞ-ın regional müttəfiqləri olan Küveyt və Bəhreyn isə İranın yeni hücumlar təşkil etdiyini açıqlayıblar.

Mütəxəssislər bildirirlər ki, bölgədə vəziyyətin daha da pisləşəcəyi təqdirdə neft bazarında qiymətlərin yüksək səviyyədə qalması və yeni bahalaşma dalğasının baş verməsi ehtimalı artır.