Müdiriniz yaxşı rəhbərdirmi? | Banco.az

Müdiriniz yaxşı rəhbərdirmi?

Yaxşı işləmək və uğur qazanmaq istəyən şirkətlər və rəhbərlər əməkdaşları ilə münasibətlərini qorumalı və tarazılıqda saxlamalıdırlar. Bəs müdirinizin yaxşı olub-olmadığını necə anlaya bilərsiniz? www.readit.az saytı olaraq sizə bunu müəyyənləşdirməkdə kömək edə biləcək bəzi ipucları təqdim edirik:

1. Yaxşı müdir əməkdaşlarına güvənir

Bu işçiləri digər məsələlərdən daha çox motivasiya edir. Sizə inanıldığını hiss etdiyiniz vaxt siz də özünüzə inanmağa başlayacaq və hədəflərinizə daha asan çatacaqsınız.

Qeyd. Readit saytında menecment və biznes strategiyaları kateqoriyasındakı kitabların azərbaycan dilində qısa məzmununları sizin idarəçilik xüsusiyyətlərinizi artıra bilər. Kitablara keçid = > OXU

2. Yaxşı müdir sizin istedad və bacarığınızı qiymətləndirir

Yaxşı bir müdir sizin bacarıqlarınızı görməzlikdən gəlmir, özünüzü tamamilə ifadə etməyinizə şərait yaradır və fərdi inkişafınızı daim dəstəkləyir.

3. Yaxşı müdir məsuliyyəti öz üzərinə götürür

Bir çox hallarda müdirlər hər hansı bir uğursuzluq üçün komandanı və ya işçiləri günahlandırmağa meyillidir. Ancaq yaxşı rəhbər neqativ vəziyyətlər üçün əməkdaşları günahlandırmır və məsuliyyəti öz üzərinə götürür. Bu cür rəhbər işçilər üçün yaxşı nümunədir.

4. Yaxşı müdir səmimi və qayğıkeşdir

Hamımızın müdirlərimizlə problemlərimiz var. Bəzi hallarda bizim fikirlərimiz üst-üstə düşmür. Belə vəziyyətlərdə avtoritar bir müdirlə söhbət etmək nə qədər çətindirsə, səmimi bir müdirlə danışmaq da o qədər asandır. Onlar sizi dinləməyə və fikirlərinizi dəyərləndirməyə hazır olur.

5. O, effektiv ünsiyyət qurmağı bacarır

Yaxşı müdir sizə hər hansı bir tapşırıq verdikdə, adətən iclas zamanı nə iş görəcəyinizi və tapşırığı nə vaxt yekunlaşdırmalı olduğunuzu açıq şəkildə ifadə edir. Beləliklə, zehninizdə işlə bağlı heç bir tərəddüd olmadan fəaliyyətə fokuslana bilərsiniz.

6. Yaxşı müdir iclasların qısa müddətli olması üçün çalışır

Biz uzun müddət davam edən və hazırki işlərimizlə əlaqəli olmayan məsələlər haqqında çox danışmağı xoşlamırıq. Həmçinin, uzunmüddətli iclaslar öz işimizi yerinə yetirməyimizə mane ola bilər. Buna görə də, iclasların qısa olması vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

7. Yaxşı müdirlər aktiv dinləyicidir

Bir çox müdirin ən böyük səhvi həddindən artıq danışmaqdır. Əməkdaşların fikrini nəzərə almayan şirkətlər çox böyük uğurlar əldə edə bilməz. Buna görə də, müdirin yaxşı dinləyici olması əməkdaşların özlərini daha rahat ifadə etməsinə imkan verir.

8. Dərhal geri bildiriş verirlər

Müdirlərin ən sevilməyən tərəflərindən biri onların hər hansı bir məlumat və ya fəaliyyətlə bağlı geri bildirişləri xeyli gec vermələridir. Bununla yanaşı, əməkdaşlara ən qısa müddət ərzində geri bildiriş verən müdirlər onların və işlərinin dəyərli olduğunu göstərirlər.

9. Yaxşı müdir konstruktiv bir mühit yaratır

Komandanın bir hissəsi olduğunuzu hiss edirsinizsə və bunun hörmət, dürüstlük və inama əsaslandığını bilirsinizsə, deməli yaxşı bir müdiriniz var. Bu mühitin yaradılması daha yüksək əhval-ruhiyyə və motivasiyaya imkan verir.

10. Müdiriniz empatiya qurmağı bacarır

Empatiya həmişə yüksək qiymətləndirilən bir insani qabiliyyətidir. Rəhbər hər bir əməkdaşla ünsiyyət zamanı empatiya qurmağı bacararsa, onları daha yaxşı işləməyə təşviq edə bilər. Əməkdaşlarının həyatına qayğı göstərən hər hansı bir müdir lazımi şəraiti yaradaraq onların öz problemlərini həll etməsinə kömək edə bilər.

11. Yaxşı müdir ədalətlidir

Ədalətli olmaq həqiqətən yaxşı bir müdirin əsas xüsusiyyətlərindən biridir. Məsələn, əməkdaşlarının vəzifələrini hər hansı bir xüsusiyyətə əsasən deyil, ancaq yaxşı işlədikləri üçün yüksəldən müdir, komandada və şirkətdə real inam mühiti formalaşdırır.

12. Yaxşı müdir böhran vəziyyətində soyuqqanlılığını qoruyur

Hər bir şirkət böhran yaşayır. Ancaq pis bir müdir belə vəziyyətlərdə özünü digər insanlardan uzaqlaşdırır və problemi həll edə biləcək kadrları işə daxil etməkdən imtina edir. Onun yaratdığı qorxu və narahatlıq mühiti əməkdaşların əhval-ruhiyyəsinə də təsir göstərir. Yaxşı bir müdir isə soyuqqanlılığını qoruyub, şirkəti böhrandan çıxara biləcək fikirlərə açıq olur və işçilərin motivasiyasını yüksək saxlayır.

Əgər hər hansı bir şirkətdə rəhbərsinizsə, yaxud gələcək kariyera hədəfiniz bu istiqamətdədirsə, uğur qazanmaq üçün yuxarıdakı xüsusiyyətləri mütləq mənimsələməlisiniz.