Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir?  | Banco.az

Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir? 

Futuroloqlar hesab edirlər ki, müasir peşələrin 47%-i yaxın 20 ildə yox olacaq. Dünyadakı və əmək bazarındakı sürətli dəyişikliklərlə bağlı olaraq bir çox bilik, vərdiş və bacarıqlar alternativi ilə əvəzlənməli olacaq. Texnologiyanın inkişafı vəziyyəti qəlizləşdirir: Robotlar bir çox sahədə bizi əvəz edə və nəticədə insan əməyinin dəyərini aşağı sala bilər.

Mütəxəssislər proqnozlarında yekdildir: Yaxın gələcəkdə virtual reallıq və 3D çap, pilotsuz avtomobil və robotlar, neyron interfeyslər və gen mühəndisliyi məhsulları adiləşəcək. Bizi bərpa olunan enerji mənbələrinin inkişafı və daha ağıllı iqlim idarəetmə sistemlərinin yaradılması gözləyir. 

Hadisələrin gedişatı göstərir ki, məktəblərin təhsil sisteminin formatı köhnəlib. Uşaqlara sadəcə fənlər tədris olunur. Müasir dövr isə tələb edir ki, təhsil sistemi uşaqlarda vərdişlərin inkişafına fokuslansın. Ancaq bu yolla gələcəyin peşəkarları əməyin avtomatlaşdırılması, texnikanın və alqoritmlərin inkişafı fonunda rəqabətqabiliyyətli qala bilər. 

Gələcəkdə lazım ola biləcək vərdişlər haqqında konkret fikir yoxdur, lakin bir sıra variantlar ətrafında müzakirələr gedir: 

  • sistemli düşüncə 
  • strateji düşüncə 
  • tənqidi düşüncə 
  • ünsiyyət və əməkdaşlıq 
  • ekoloji düşüncə 
  • qeyri-müəyyənlik şəraitində işləmək 
  • proqramlaşdırma və alqoritmik düşüncə 
  • çoxdillilik 
  • fikri cəmləmə və diqqəti idarəetmə 
  • emosional intellekt 
  • rəqəmsal bilik 
  • yaradıcılıq 
  • kreativlik 
  • özünüinkişaf və özünütəşkil bacarığı 

Futuroloqların proqnozlarına əsaslanaraq yaxın 10-20 ildə meydana çıxa biləcək peşələrin siyahısını təqdim edirik: 

Şəxsi rəqəmsal kurator 

Bu, sizin virtual yükünüzü idarə edən, tətbiqetmələrinizi, proqram təminatınızı və onlayn varlığınızı dəstəkləyən, həmçinin daxil olan məlumatların mənbələrini filterləyən şəxsdir. Hansı bacarıqlar tələb olunur: Sistemli və tənqidi düşüncə, rəqəmsal savad, virtual əməkdaşlıq, çoxdillilik, konsentrasiya və diqqəti idarəetmə. 

Alternativ valyutalar üzrə məsləhətçi 

Bu, fərdi maliyyə trayektoriyanızı planlaşdıran şəxsdir. Cari vəziyyəti təhlil edib pulu nəyə xərcləmək, nəyə investisiya qoymaq və bitkoin alıb-almamaq barədə tövsiyə verir. Qeyri-standart və sistemli düşüncə, rəqəmsal savad, mədəniyyətlərarası ünsiyyət, qeyri-müəyyənlik şəraitində işləmək bacarığı zəruridir. 

Ən sərfəli kredit üçün müraciət et

Virtual memar 

Bu, təhsil, iş və istirahət üçün virtual dünyaları layihələndirən mütəxəssisdir. İstehlakçının bioloji və psixoloji parametrlərini, istəklərini nəzərə alaraq virtual dünyaları proqramlaşdırır. Hansı bacarıqlar vacibdir: sistemli və strateji düşüncə, proqramlaşdırma və alqoritmik düşüncə, konsentrasiya və diqqəti idarəetmə, rəqəmsal savad, yaradıcılıq, kreativlik. 

Həmçinin oxu: Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı 

Bioetik 

Bu, etika üzrə ekspertdir. Bioetiklər tibb, diaqnostika və biomühəndislik sahələrində icazə verilən müdaxilə hədlərini müəyyən edəcək. Bu da transplantologiya və genetik modelləşdirmədə yarana biləcək problemlərin qarşısını almağa xidmət edəcək. Bioetik peşəsi sistemli və strateji düşüncə, emosional intellekt, ünsiyyət və əməkdaşlıq, ekoloji düşüncə tələb edir. 

Rəqəmsal dilçi 

Bu insanlar insan və texnika arasındakı rabitəni tənzimləyir. Onların sayəsində maşınlar canlı nitqi daha yaxşı qavrayır, bu isə öz növbəsində maşın tərcüməsini daha dəqiq edir, axtarış sistemlərinin işini sürətləndirir. Bu peşənin sahibləri sistemli və strateji düşüncə, proqramlaşdırma və alqoritmik düşüncə, konsentrasiya və diqqəti idarəetmə, rəqəmsal savad, ekoloji düşüncə kimi bacarıqlara sahib olmalıdır. 

Gələcəkdə infostilist, media polisi, ev və tibbi robot mühəndisi, uçan avtomobil dizayneri, rəqəmsal izləri silən mütəxəssis, təhsil və fərdi inkişaf bələdçisi, kosmobioloq və s. sənət sahələri də yarana bilər. 

Həmçinin oxuYaxşı  tapmaq üçün hansı xarici dilləri bilməliyik?

Ola bilsin ki, nə vaxtsa təhsil sistemi şagirdlərin — gələcəyin peşəkarlarının bacarıqlarını aşkarlamağa imkan verəcək. Lakin belə böyük sistem dəyişikliklərə gec adaptasiya olur. Hələlik mövcud olanlarla kifayətlənə bilərik. Məsələn, xarici dillərin tədrisi ünsiyyət, riyaziyyat — sistemli düşüncə, informatika — alqoritmik düşüncə bacarıqlarını aşılayır. 

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram