Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da federal məhkəmə administrasiyanın xarici tələbələr və jurnalistlər üçün viza müddətlərinə məhdudiyyət tətbiq edən qərarını bloklayıb.
Banco.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Massaçusets dairəsinin federal hakimi F. Dennis Saylor beynəlxalq tələbələr və xarici media nümayəndələrinin vizaları ilə bağlı yeni qaydanın icrasının dayandırılmasına qərar verib.
Hakim tələbə vizalarına sabit müddət tətbiq edilməsinin hüquqi əsaslarının zəif olduğunu bildirib. O, qaydanın tətbiqinin ABŞ-ın ali təhsil sisteminə və iqtisadiyyatına ciddi zərər vura biləcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti iyul ayında beynəlxalq tələbələrin ölkədə qalma müddətinə məhdudiyyət tətbiq etməyi planlaşdırdığını açıqlamışdı. Yeni qaydalara əsasən, tələbə və mübadilə proqramları ilə ABŞ-a gələn şəxslərin qalma müddəti 4 ildən çox ola bilməzdi.
Bundan əlavə, xarici jurnalistlərin vizalarının 240 gün müddətinə məhdudlaşdırılması nəzərdə tutulurdu. Tələbə və jurnalistlərin müəyyən hallarda viza müddətinin uzadılması üçün müraciət edə biləcəyi bildirilmişdi.
ABŞ Daxili Təhlükəsizlik Departamenti məhkəmənin qərarından apellyasiya şikayəti verib-verməyəcəyi ilə bağlı hələlik açıqlama verməyib.
