Mega El Nino-nun əmtəə bazarlarında dəyişkənliyi artıracağı gözlənilir | Banco.az

Mega El Nino-nun əmtəə bazarlarında dəyişkənliyi artıracağı gözlənilir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Okeanlarda səth sularının normadan artıq isinməsi ilə yaranan El Nino əmtəə bazarına təsir edən əsas amillərdən biri hesab olunur. El Nino nəticəsində yaranan quraqlıq, sel və anomal istilər, xüsusilə kənd təsərrüfatı məhsullarında təkliflə bağlı narahatlıqları artırır. Bu isə məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olur.

Banco.az xəbər verir ki, okeanlardakı temperatur artımı təxminən 1 dərəcə olduqda bu hava hadisəsi “El Nino”, artım 1-2 dərəcə arasında olduqda “Super El Nino”, 2 dərəcəni keçdikdə isə “Mega El Nino” adlandırılır.

El Nino ilə bağlı narahatlıqlar əmtəə bazarının gündəmində qalarkən, “Mega El Nino” yeni risk mənbəyi kimi diqqət çəkib. Mütəxəssislər sonuncu dəfə 1877-ci ildə müşahidə olunan “Mega El Nino”nun bu il təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Ekspertlər “Mega El Nino”nun xüsusilə kənd təsərrüfatı məhsulları olmaqla geniş məhsul qrupunda təklif şərtlərinə təsir edərək əmtəə bazarında dəyişkənliyi daha da artıra biləcəyini bildirirlər. El Nino ilə bağlı narahatlıqlar fonunda beynəlxalq bazarlarda bu il buğdanın qiyməti 40 faizdən, qarğıdalının 22 faizdən, soyanın 26 faizdən, şəkərin 20 faizdən, düyünün isə 45 faizdən çox bahalaşıb.

Fyuçers və əmtəə bazarları üzrə ekspert Zəfər Ergezen El Nino hadisəsinin iyun ayından etibarən kənd təsərrüfatı məhsullarında qiymət dəyişkənliyini artırdığını bildirib.

Onun sözlərinə görə, düyü, pambıq, kakao, qəhvə, qarğıdalı və buğda bazarında hərəkətlilik və dəyişkənlik əhəmiyyətli dərəcədə artıb. Bu məhsulların qiymətlərində həm kəskin yüksəliş, həm də enişlər müşahidə olunur və bunun əsas səbəblərindən biri El Nino hesab edilir.

Ergezen əmtəə bazarında sənaye məhsullarının qiymət hərəkətlərinin də zaman-zaman bu prosesdən mənfi təsirlənə bildiyini qeyd edib.

Ekspert El Ninonun bu məhsullara birbaşa təsir etdiyini söyləməyin çətin olduğunu, lakin temperaturun yüksəlməsinin istehsalda müəyyən gecikmələrə səbəb ola bildiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə Afrika və Avstraliyada bunun mədənçilik sektoruna mənfi təsir göstərdiyini söyləmək mümkündür.

Ergezen bildirib ki, El Ninonun 2027-ci ilin əvvəlinə qədər davam etməsi gözlənilirdi. “Mega El Nino” isə bu müddətin bir qədər uzanmasına və prosesin birinci rübün sonuna qədər davam etməsinə səbəb ola bilər.

Ergezenin sözlərinə görə, əsas risklərdən biri temperatur artmağa başladıqdan sonra vəziyyətin qısa müddətdə dəyişməməsidir. Ekspert güclü El Nino müşahidə olunacağı təqdirdə onun təsirlərinin də tez aradan qalxmayacağını bildirib:

“Bu qədər quraq və yağıntısız dövrdən sonra dərhal yağışlı mühitə keçid asan olmur. Bundan əlavə, hazırda yaşananlar növbəti mövsümün məhsuldarlığına mənfi təsir göstərir. El Nino ilin əvvəlində zəifləsə belə, onun təsirlərini növbəti mövsümdə görəcəyik. Bu isə ən azı bir il ərzində dalğalanmanın davam edəcəyi anlamına gəlir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram