Bu dəfə Banco.az-ın yeni müsahibi Rabitəbankın Art Direktoru Fatimə Tacibovadır. Fatimə xanım, dizayn sahəsinin sirlərindən bəhs edərək, karyerasını bu sahədə davam etdirmək istəyənlərə öz tövsiyələrini etdi.
Fatimə xanım, ilk öncə oxucularımız üçün özünüzü təqdim edin.
Mən, Fatimə Tacibova ADİU-nun Dizaynerlik fakültəsinin məzunuyam, 6 illik dizayner təcrübəsinə malikəm. Bir çox lokal və beynəlxalq reklam agentliklərində, fərqli sahələrdə - qida, bank, daşınmaz əmlak, sığorta və s. - şirkətlərlə çalışmışam. Hal-hazırda 1 ilə yaxın müddətdir ki, Rabitəbankda art direktor kimi karyeramı davam etdirirəm.
Art Direktor olmaq üçün hansı bilik və bacarıqlara yiyələnmək lazımdır?
Fikrimcə, art direktor olmaq üçün əsas xüsusiyyətlərdən biri yeniliklərə açıq olmaqdır. Ünsiyyətcil olmaq, mütləq şəkildə yaxşı dinləyici olmaq, fərqli baxış bucaqlarına, fərqli fikirlərə qulaq asmaq və hər fikrə tənqid kimi yox, informativ geri dönüş kimi qəbul etməyə çalışmaq lazımdır.
Art direktorun vəzifə öhdəliklərinə təşkilatçılıq və komandasında olanları idarə etmək, onları motivasiya etmək daxildir. Art direktor yalnız layihənin üslubu ilə bağlı baxışını formalaşdırmaqla kifayətlənməməli, həm də dizaynerlərə bunu çatdırmalı və sonra işin həyata keçirilməsinə nəzarət etməlidir. Bunun üçün isə liderlik keyfiyyətlərinə sahib olmalıdır.
Uzaqgörənlik, kreativlik, zövq, yönləndirməyi bacarmaq, trendləri daim izləmək, peşəkar dizayn proqamlarında işləmə bacarığı, bunlarla yanaşı çalışdığın müəssisənin məhsullarını və ya müştərisini yaxşı tanımaq lazımdır. Bunlardan daha vacibi isə işini sevməkdir.
İdeyalar necə formalaşır ? İdeyanın uğurlu olması üçün ilk növbədə nəyə diqqət yetirmək lazımdır?
Bizim işiminizin əsas mahiyyəti elə qarşımıza qoyulan tapşırıq üçün həlledici kreativ ideya tapmaq və onu qrafik şəkildə ifadə etməkdən ibarətdir. Yəqin ki, bütün ideyaların əslində çoxdan düşünüldüyünü, lakin hələ də kəşf edilmədiyini və ya tətbiq olunmadığını eşitmisiniz. Dizayn dünyasında maraqlı ideya tapmaq üçün tapşırığa köklənməli, problemi müəyyənləşdirməli və mümkün qədər onu geniş bir dairənin içinə alıb, ona uzaq aspektdən baxmalısınız. Daha sonra bu dairədəki ən doğru ideyaları seçib, dairəni yavaş-yavaş kiçildərək doğru həll yolunu tapacaqsınız.
Mərhələlərə ayırmalı olsaq, yaxşı ideyanın ərsəyə gəlməsi üçün verilən tapşırıq haqqında maksimum informasiya toplamaqdan başlamaq lazımdır. Daha sonra topladığınız informasiyanı təhlil etmək sizə ən yaxşı fikirləri tapmağa kömək edəcək. Daha sonra həmin fikirlərə söykənərək prototip yaradılır və test mərhələsinə keçid alınır. Bu mərhələdə uyğun görünən ən yaxşı həllərdən istifadə edərək tamamlanmış “məhsul” hərtərəfli sınaqdan keçirilir. Amma unutmamaq lazımdır ki, ideal dizayn anlayışı yoxdur. Çox uğurlu hesab etdiyin dizayn işini 1 ay sonra bəyənməyə bilərsən. Dizayn trendləri və tələbləri dinamik sürətdə dəyişir.
Korporativ mühit və standartlar yaradıcılığa hər hansı sərhədlər qoyurmu? Yaradıcı və bank sahəsinin qarşılıqlı inteqrasiyasının mənfi və müsbət tərəfləri nələrdir?
Əlbəttə ki, müəyyən sərhədlərlə üzləşirik. Bundan əvvəl çalışdığım reklam agentliklərində iş təcrübəmə dayanaraq deyə bilərəm ki, orada də hər şey heç də sərbəst deyildi. Agentliklərdə sərhədləri sifarişçilər, yəni müştərilər qoyur. Burada işin icraçısısan, lakin korporativ şirkətdə həm icraçı, həm də qərarverici olursan. Korporativ mühitin aşıladığı məsuliyyət hissi peşəkar kimi inkişaf etməyinə stimul verir. Agentliklərlə müqayisədə korporativ mühitdə görülən işlər çoxşaxəli olmur. Bunun isə müsbət tərəfi ondadır ki, tək bir şirkətin dizayn sorğularına diqqətini verə bilirsən. Dedlaynların müddəti də ideyanın üstündə rahatlıqla işləməyə imkan verir. Həm də sərhədlər heç də düşünüldüyü kimi yaradıcılığı limitləmir, əksinə məhdud çıxış yolları ilə daha yaradıcı, daha minimal və konkret mesajlı işlər ərsəyə gətirmək üçün bir çağırış olur.
Əslində, korporativ şirkətlər daxili yaradıcı heyəti olmasına baxmayaraq 3-cü tərəf kimi reklam agentlikləri ilə işləməlidirlər. Çünki bank dizayner yetişdirmir, reklam agentliyi dizaynerlərə məktəbdir. Bir-birilərindən götürəcəkləri və öyrənəcəkləri çox şey var. Həm sifarişçi, həm də icraçı şirkət arasında yaradıcı mübadilənin olması mütləqdir, nəticədə bu informasiya mübadiləsi hər iki tərəfə bilik qazandırır və inkişaf etdirir.
Rabitabankda işləməyimin müsbət cəhətlərindən biri də peşəmə aid olmayan bir çox sahənin mütəxəssisləri ilə ünsiyyətdə olmağımdır: audit, maliyyə, biznes və riteyl bankçılığı, İT kimi sahələrin iş gedişatını öyrənirsən. Öyrənmək isə həmişə faydalıdır.
Qısası korporativ mühitdə yaradıcılığa yer varmı deyə soruşsanız, əminliklə deyə bilərəm ki, 100% var.
Azərbaycanda kreativ sənayedə qadınların rolunu necə dəyərləndirirsiniz? Qadınların bu sahədə azlığını nə ilə əlaqələndirirsiniz?
Statistik rəqəmlərə görə dünyada qrafik dizaynerlərin 53%-i qadınlardır, lakin onlardan cəmi 11%-i kreativ və ya art direktor vəzifəsində çalışır. Nəzərə alsaq ki, bu sahədə qadınların rəhbər vəzifəsində çalışması dünyada hələ 50-60 il öncə başlayıbsa, Azərbaycanda bu sahədə çalışan qadın art direktorların az olması bir o qədərdə təəccüblü deyil. Ola bilsin, bizim cəmiyyətin yazılmamış qanunlarına görə qadınların ailədə “öhdəliklər”inin çoxluğu onlara rəhbər kimi özünü sübut etməyə imkan verməz, buna vaxt və enerji çatdırmazlar.
İşində və eyni zamanda şəxsi həyatda eyni dərəcədə uğurlu olan, liderlik təcrübələrini bölüşə bilən, karyerasının və fərdi bacarıqların inkişafı mövzusunda rəhbər ola biləcək qadın liderlərin nümunələrini görmək çox vacibdir. Rəhbər vəzifəsində qadınların nisbəti nə qədər çox olsa, orta rəhbərlik səviyyəsində və mütəxəssislər arasında bir o qədər çox qadın olacaqdır. Bu işə hələ yeni başlayan yetərincə bacarıqlı, yaradıcı dizayn düşüncəyə malik qrafik dizayner xanımlar tanıyıram və onların irəli gedəcəklərinə əminəm. Əsas olan özünə güvənmək, cəsarətli olmaq, öz üzərində daim işləməkdir. Həm də qadınların emosional zəkası daha yaxşı inkişaf edib. Qadınlar komandanı, rəqiblərini daha yaxşı hiss edir və iç səslərinə daha çox qulaq asırlar.
Art direktor kimi təcrübəyə başladığım ilk müəssisə məhz Rabitəbankdır. Bankımızda gender balansı qorunur və rəhbər vəzifəsində çalışan kifayət qədər xanım mütəxəssislər var. Hətta onların bəziləri kişilərin “bu xanım işi deyil” deyə dəyərləndirdikləri sahələrdə çalışırlar: maliyyə, İT kimi. Rabitəbank hər zaman düşünür ki, güc xanımlardadır.
Rabitəbankın bu sahədə ən uğurlu işləri nələr olub?
Biz ən əsası ideyanın bəsitliyinə fikir veririk, tapşırıq bizə yazılı olaraq mürəkkəb gəlir. Çalışırıq ki, brifdə istəniləni minimal detallarla, aydın dizayn həlləri ilə yerinə yetirək ki, auditoriyaya mesajı ən bəsit dillə tam ötürə bilək. Ölkəmizdə və dünyada pandemiyanın başlaması ilə Rabitabank komandası dəyərlərimizi bir daha gözdən keçirdi. Ölkəmizdə nağdsız ödənişlər vərdiş halı almasa da pandemiyadan sonra insanlar ödənişlərini kartla etməyə üstünlük verməyə başladı. Ötən il sırf bu mövzuda maarifləndirici təşəbbüs kimi hazırlanan Rabitəbankın poster seriyasını ölkə tarixində nağdsız ödənişə təşviq üçün ən yaradıcı və uğurlu işlərdən biri kimi dəyərləndirirəm. Təsadüfi deyil ki, bu iş bütün dünyada danışıldı, müzakirə edildi. Hətta KİAF Beynəlxalq Reklam festivalında Azərbaycanda ilk dəfə ikisi qızıl olmaqla 5 mükafat gətirdi. RTM (Real Taym Marketinq) mövzusuna da toxunmaq istərdim.
Hal-hazırda yaradıcılıq və marketinqin yalnız uğurlu RTM-dən ibarət olduğunu düşünənlər var. Rabitəbank hər RTM-ə can atmır, mütləq RTM məntiqli və baş vermiş hadisədə bankın məhsulunun əhəmiyyətini və faydasını göstərməlidir. Belə uğurlu işlərimizdən biri də ölkədə benzin tariflərinin qiymətinin dəyişdiyi zaman Rabitəbankın məhsulu Kartmanenin bütün yanacaqdoldurma məntəqələrində 10% keşkek qazandırması funksionallığını xatırlatmaq idi. Bu işin vizual həllini sadə bir posterlə etmişdik və bu Kartmanenin satışlarına stimul verdi, insanların Kartmaneyə marağını artıran ən uğurlu işlərdən biri oldu.
Bu peşəyə marağı olanların, xüsusilə xanımların dizayn sahəsində daha çox inkişaf etməsi üçün nələri tövsiyə edərdiniz ?
İşinizi sevin. Risk alın, səhv etmək üçün özünüzə icazə verin. Daim öz inkişafınızla məşğul olun, dizayn haqqında kitablar oxuyun. Dizaynı nəzəri öyrənin: rəng, kompozisiya, tipoqrafiya və s. bilmək həm sizə faydalı olacaq, həm də müştəri ilə işin müzakirəsi zamanı peşəkar dildə öz arqumentlərinizi gətirməyə kömək olacaq. Bol-bol araşdırın, xarici dizaynerlərin portfoliolarına tez-tez baxın. Əgər yeni başlamısınızsa, xarici dizaynerlərin gördüyü işlərdən ilhamlanın, onların ideyalarından istifadə edin, amma özünüzəməxsusluğu da yaddan çıxarmayın, bu zaman çoxlu yeni alətlər öyrənmiş olacaqsınız və beləcə dizayn gözünüz açılacaq, zövqünüz inkişaf edəcək. İşlərinizi paylaşmağa çəkinməyin - özünüzə və işinizə güvənin. Konseptual dizaynlar hazırlayın, çalışın ki, gördüyünüz hər işin bir hekayəsi olsun. Sosial şəbəkələrdə aktiv olun, öz işlərinizi paylaşın, onlar haqqında danışın müzakirələr edin, tənqid edin tərif edin. Mütləq ki, işinizi çox bəyənən və heç bəyənməyənlər olacaq. Təriflər sizi arxayınlaşdırmasın, tənqidlər isə həvəsdən salmasın. Sual verməkdən çəkinməyin, çoxlu sual verin: niyə bu iş məhz belədir, hansı alətlərdən istifadə olunub? Dizayn proqramlarını peşəkar şəkildə mənimsəyin. Təcrübə etməkdən çəkinməyin, hər şeyi yoxlayın, beləcə özünüzü kəşf edəcəksiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!