Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistandan yerli çip istehsalını dəstəkləmək üçün yeni plan.
Banco.az xəbər verir ki, Hindistan yerli çip istehsalçılarını dəstəkləmək məqsədilə 1 trilyon rupidən (10,8 milyard dollar) artıq vəsait ayrılmasını nəzərdə tutan fond yaratmağı planlaşdırır.
“Bloomberg News”in mənbələrə istinadən yaydığı xəbərə görə, çip layihələrinin hazırlanması, istehsal avadanlıqları və təchizat zəncirinin inkişafı üçün subsidiyalar təqdim edəcək bu fond iki-üç ay ərzində fəaliyyətə başlaya bilər. Mənbələrin bildirdiyinə görə, plan üzərində müzakirələr hələ də davam edir və sənədə dəyişikliklər edilə bilər.
Rəsmilərin sözlərinə görə, yeni yarımkeçirici təşviqləri federal hökumətin daxili istehsalı və ixracı artırmaq məqsədilə təqdim etdiyi digər smartfon və komponent subsidiyaları ilə əlaqələndiriləcək.
Bu təşəbbüs Hindistanın 2021-ci ildə həyata keçirdiyi və çip layihələrinin qurulması xərclərinin yarısını qarşılamağı nəzərdə tutan 10 milyard dollarlıq təşviq proqramına əsaslanır. Bildirilir ki, bu proqram ABŞ mənşəli yaddaş istehsalçısı olan “Micron” kimi şirkətlərin Hindistanın çip sənayesinin inkişafına təkan verməsinə kömək edib və şirkət ölkənin qərbində yerləşən Qucarat ştatında montaj zavodunun tikintisinə başlayıb.
Hindistanın böyük şirkətlərindən biri olan “Tata Group” da Baş nazir Narendra Modinin doğulduğu Qucarat ştatında ayrıca çip qablaşdırma bölməsi ilə birlikdə yarımkeçirici istehsalı müəssisəsi qurur. Bundan başqa, “Foxconn Technology Group”un sınaq və montaj zavodu da daxil olmaqla, çip istehsalı və qablaşdırılması ilə bağlı bir sıra digər təşəbbüslər hökumətin təşviq proqramı çərçivəsində elan olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
