Müəllif:Mehin Qasımova,Banco.az
"Google" generativ süni intellekt sahəsində rəqabəti gücləndirmək məqsədilə "Gemini" tətbiqinə bir sıra yeni funksiyalar əlavə edib.
Banco.az xəbər verir ki, şirkət "Gemini" üçün “Daily Brief”, yenilənmiş interfeys, "Gemini Omni" adlı yeni video modeli və "Gemini Spark" adlı şəxsi süni intellekt köməkçisini təqdim edib.
"Google" bildirir ki, bu yeniliklər Gemini-ni sadə çatbotdan çoxfunksiyalı süni intellekt platformasına çevirməyi hədəfləyir. Bununla da tətbiqin OpenAI-ın ChatGPT-si və Anthropic-in "Claude" platforması ilə rəqabət qabiliyyəti artırılır.
Yeni “Daily Brief”” funksiyası istifadəçinin elektron poçtu, təqvimi və gündəlik tapşırıqlarını analiz edərək fərdiləşdirilmiş icmal hazırlayır. Sistem vacib işləri prioritetləşdirir və növbəti addımlarla bağlı tövsiyələr təqdim edir.
Şirkətin açıqlamasına görə, "Gemini" tətbiqinin hazırda aylıq 900 milyondan çox istifadəçisi var. Platforma 230-dan çox ölkədə və 70-dən artıq dildə fəaliyyət göstərir.
"Gemini Spark" funksiyası isə istifadəçi adından e-poçt yazmaq, görüş planlaşdırmaq, "Google Disk"dəki fayllardan məlumat toplamaq və uzunmüddətli tapşırıqları izləmək kimi əməliyyatları yerinə yetirə biləcək. "Google" bu sistemi aktiv rəqəmsal köməkçi kimi təqdim edir.
