Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman” xəbərdarlıq etdi: Böhranın əsas təsiri xam neftə deyil.
Banco.az xəbər verir ki, “Goldman Sachs”ın qiymətləndirməsinə görə, Yaxın Şərqdəki müharibənin səbəb olduğu ən böyük neft bazarı şokunun xam neftdən daha çox reaktiv yanacağı və dizel kimi emal olunmuş məhsullara təsir edəcəyi gözlənilir.
Analitiklər Yuliya Jestkova Qriqsbi və Daan Struyven bildiriblər: “Bir çox emal olunmuş məhsulda qiymət artımı xam neftlə müqayisədə xeyli daha güclü olub.” Qeyd olunub ki, orta və ağır növ xam neft tədarükündəki ciddi fasilələr dizel, reaktiv yanacaq və mazut istehsalında azalma riskini artırır.
Qlobal enerji bazarları ABŞ və İsrailin İrana qarşı apardığı müharibə səbəbindən ciddi sarsıntı yaşayıb. Ötən ayın sonlarında başlayan münaqişə Hörmüz boğazı vasitəsilə neft və neft məhsullarının ixracının demək olar ki, tam dayanmasına gətirib çıxarıb. Regiondakı enerji infrastrukturuna yönələn hücumlar istehsalçıları neft hasilatını azaltmağa və bəzi neft emalı müəssisələrinin fəaliyyətini dayandırmağa məcbur edib.
İlk hücumlardan bəri xam neftin qiyməti 40 faizdən çox artaraq “Brent” markalı neftin qiymətini 100 dolların üzərinə qaldırıb. Lakin bəzi emal olunmuş məhsullarda artım daha kəskin olub. Asiyanın bəzi bölgələrində son günlər yanacaq xərcləri iki dəfəyə qədər yüksəlib. Cənubi Koreya, Çin və Tailanddan sonra daxili bazarı qorumaq məqsədilə ixracı məhdudlaşdırmaq yolunu seçib.
“Goldman Sachs” analitikləri vurğulayıblar ki, müharibə Fars körfəzi ölkələrinin emal olunmuş məhsulların ixrac imkanlarını zəiflədib, neft emalı müəssisələrində fasilələrə səbəb olub və xüsusilə dizel istehsalı üçün uyğun olan xam neft növlərinin tədarükünü ciddi şəkildə azaldıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
