Formula 1-in Azərbaycan iqtisadiyyatına hansı təsirləri var? | Banco.az

Formula 1-in Azərbaycan iqtisadiyyatına hansı təsirləri var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Formula 1 Azərbaycan üçün böyük beynəlxalq idman tədbiri olmaqla yanaşı, turizm və xidmət sektorlarında iqtisadi aktivliyi artıran mühüm platformadır. Yarışın Bakıda keçirilməsi xüsusilə xarici turist axınına, hotellərin doluluğuna, restoran və ictimai iaşə obyektlərinin dövriyyəsinə, nəqliyyat, katerinq və pərakəndə ticarət xidmətlərinə təsir göstərir. Yarış həftəsində ölkəyə gələn xarici qonaqların xərcləri iqtisadiyyatın müxtəlif sahələri üzrə bölüşdürülür".

Bunu iqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, turist hotelə yerləşir, restoran və kafelərdən istifadə edir, taksi və digər nəqliyyat xidmətlərindən yararlanır, alış-veriş edir, şəhərin turizm imkanlarından istifadə edir: "Eyni zamanda, yarışın təşkilində iştirak edən komandalar, təşkilatçılar, media nümayəndələri və digər qonaqlar da geniş xidmətlərdən istifadə edirlər. Bu proses bir tədbirin bir neçə sektor üzrə əlavə dövriyyə yaratmasına imkan verir.

2024-cü ildə Formula 1 Qran-prisi dövründə Azərbaycana gələn turistlərin sayı əvvəlki dövrlə müqayisədə 87 faiz artıb. Mastercard məlumatlarına görə, həmin dövrdə turistlərin ümumi xərcləri 85 faiz, əməliyyatların sayı 77 faiz yüksəlib. Hotel xərclərində 127 faiz, restoran xərclərində isə 141 faiz artım qeydə alınıb. 2025-ci il yarışının iqtisadi təsiri ilə bağlı Mastercard Economics Institute-in 2026-cı ilin sentyabrında açıqladığı məlumatlar da Formula 1-in şəhər iqtisadiyyatında yaratdığı əlavə aktivliyi göstərir. Yarış ətrafındakı beş gün ərzində beynəlxalq ziyarətçilərin restoran xərcləri gözlənilən səviyyə ilə müqayisədə 170 faiz, pərakəndə xərcləri isə 94 faiz yüksək olub. 

Formula 1-in iqtisadi təsiri yalnız turistlərin birbaşa xərcləri ilə məhdudlaşmır. Böyük beynəlxalq tədbirin ətrafında geniş xidmət və təchizat zənciri formalaşır. Buna görə iqtisadi təsiri birbaşa, dolayı və törəmə təsirlər üzrə qiymətləndirmək mümkündür. Birbaşa təsir ilk növbədə hotelçilik, ictimai iaşə, nəqliyyat, katerinq, pərakəndə ticarət və tədbirin təşkili ilə bağlı xidmətlərdə özünü göstərir. Xarici turistlərin və yarış iştirakçılarının hotel xərcləri hotellərin gəlirlərini artırır. Restoranlar, kafelər və digər ictimai iaşə obyektlərində əlavə müştəri axını yaranır. Taksi və digər nəqliyyat xidmətlərinə tələbat yüksəlir. Katerinq şirkətləri komandaların, təşkilatçıların, qonaqların və digər iştirakçıların qida təminatını həyata keçirir.  Katerinq xidmətlərinin yaratdığı iqtisadi təsir daha geniş təchizat zəncirinə yayılır. Katerinq şirkətləri ərzaq məhsulları, içkilər, qablaşdırma, logistika və digər xidmətlərə ehtiyac duyur. Bu isə qida istehsalçıları, kənd təsərrüfatı məhsullarının tədarükçüləri, topdansatış şirkətləri və logistika sektorunda əlavə sifarişlər yarada bilər".

A. İbrahimli qeyd edib ki, hotel sektorunda da oxşar proses baş verir: "Hotelə gələn qonaqların sayının artması ərzaq, içki, təmizlik məhsulları, camaşırxana, texniki xidmət, təhlükəsizlik və digər xidmətlərə tələbi artırır. Beləliklə, hotelin əldə etdiyi əlavə gəlir onun təchizatçıları üçün də əlavə iqtisadi aktivliyə çevrilir. İctimai iaşə sektorunda əlavə dövriyyə restoran və kafelərlə məhdudlaşmır. Müəssisələrin ərzaq və içki tədarükünə, logistika, kommunal və digər xidmətlərə olan tələbatı yüksəlir. Eyni proses taksi və digər nəqliyyat xidmətlərində də müşahidə olunur. Sərnişin sayının artması yanacaq, avtomobil servisi, texniki xidmət və digər əlaqəli sahələrə əlavə tələb formalaşdırır.

Pərakəndə ticarət də Formula 1-in təsir etdiyi əsas sahələrdən biridir. Xarici qonaqların qida, geyim, suvenir, elektronika və gündəlik istehlak məhsulları üzrə alış-verişləri ticarət dövriyyəsinə əlavə impuls verir. Yerli məhsulların və xidmətlərin xarici qonaqlara təqdim edilməsi bu iqtisadi təsirin ölkə daxilində daha geniş yayılmasına imkan yaradır. Yarışın təşkili ilə bağlı texniki və logistika xidmətləri də iqtisadi dövriyyənin mühüm hissəsini təşkil edir. Müvəqqəti qurğuların hazırlanması, tribuna və digər infrastrukturların qurulması, texniki avadanlıqların quraşdırılması, elektrik, rabitə, təhlükəsizlik, təmizlik və logistika xidmətləri müxtəlif yerli şirkətlərin prosesə cəlb olunmasına şərait yaradır. Bu sahələrdə yaranan əlavə iqtisadi aktivlik əmək bazarına da təsir göstərə bilər. Yarış dövründə hotelçilik, katerinq, ictimai iaşə, nəqliyyat, təhlükəsizlik, təmizlik, logistika, texniki xidmət və tədbir təşkilatçılığı sahələrində əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Bu, xüsusilə xidmət sektorunda müvəqqəti məşğulluq imkanlarını genişləndirir".

"Dolayı təsirin əsas xüsusiyyəti ondan ibarətdir ki, Formula 1 nəticəsində yaranan ilkin xərclər iqtisadiyyatın digər sahələrinə ötürülür. Məsələn, restoranın dövriyyəsinin artması onun ərzaq tədarükçüsünün satışlarını artırır. Hotelin doluluğunun yüksəlməsi hotelin təchizatçılarına əlavə sifariş yaradır. Taksi xidmətlərinə tələbatın artması yanacaq və texniki xidmətlər üzrə dövriyyəni yüksəldir. Bu zəncir üzrə formalaşan əlavə tələbin ümumi iqtisadi təsiri ilkin turist xərclərindən daha geniş ola bilər. Törəmə təsir isə iqtisadiyyatda əldə olunan əlavə gəlirlərin yenidən xərclənməsi ilə yaranır. Məsələn, xidmət sektorunda çalışan şəxslərin gəlirlərinin artması onların ərzaq, pərakəndə ticarət, nəqliyyat və digər xidmətlər üzrə xərclərini artırır. Beləliklə, Formula 1 ətrafında yaranan ilkin iqtisadi aktivlik sonrakı mərhələlərdə əlavə dövriyyə yarada bilər.

Formula 1-in Azərbaycanın beynəlxalq turizm məkanı kimi tanıdılmasında da xüsusi rolu var. Azərbaycan Qran-prisinin dünya miqyasında televiziya və rəqəmsal platformalarda nümayiş etdirilməsi Bakı və Azərbaycanın beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirir. Formula 1-in məlumatına görə, 2024-cü il Azərbaycan Qran-prisinin qlobal televiziya auditoriyası 66 milyondan çox olub. Bu miqyas Azərbaycanın turizm və biznes imkanlarının beynəlxalq səviyyədə tanıdılması baxımından əlavə marketinq effekti yaradır. Burada iqtisadi səmərəliliyin qiymətləndirilməsi zamanı həm gəlirlər, həm də tədbirin təşkili ilə bağlı xərclər nəzərə alınmalıdır. Dövlət və təşkilati xərclər, təhlükəsizlik, logistika, infrastruktur və digər istiqamətlər üzrə məsrəflər ümumi iqtisadi qiymətləndirmənin tərkib hissəsidir. Eyni zamanda, ölkə daxilində formalaşan əlavə dəyərin həcmi, yerli şirkətlərin prosesdə iştirakı və vergi daxilolmalarına təsir də ayrıca ölçülməlidir", - ekspert əlavə edib. 

İqtisadçı Formula 1-in uzunmüddətli iqtisadi təsirini artırmaq üçün yarış həftəsini daha geniş turizm və biznes imkanları ilə əlaqələndirmək mümkün olduğunu bildirib: "Xarici qonaqların Azərbaycanda qalma müddətinin artırılması, Bakıdan kənar turizm istiqamətlərinə səfərlərin təşviqi, yerli məhsulların təqdimatı, biznes tədbirlərinin keçirilməsi və yerli şirkətlərin təchizat zəncirində iştirakının genişləndirilməsi əlavə iqtisadi imkanlar yarada bilər.

Formula 1-in 2030-cu ilə qədər Azərbaycanda keçirilməsi bu imkanların daha sistemli şəkildə dəyərləndirilməsi üçün uzunmüddətli perspektiv formalaşdırır. Qarşıdakı dövrdə əsas göstəricilərdən biri yarışın ölkəyə gətirdiyi turistlərin sayı ilə yanaşı, onların Azərbaycanda qalma müddəti, adambaşına xərcləri, xərclərin hansı sahələrə yönəldiyi və yaranan əlavə dəyərin nə qədərinin yerli iqtisadiyyatda qalması olmalıdır. Formula 1-in Azərbaycan iqtisadiyyatına təsiri turizm, hotelçilik, katerinq, ictimai iaşə, taksi və digər nəqliyyat xidmətləri, pərakəndə ticarət, logistika, təhlükəsizlik, texniki xidmət və digər sahələrdə formalaşan çoxşaxəli iqtisadi aktivlikdən ibarətdir. Bu təsirin bir hissəsi birbaşa, digər hissəsi isə təchizat zəncirləri və əlavə gəlirlərin yenidən xərclənməsi vasitəsilə dolayı və törəmə formada yaranır. Buna görə Formula 1-in iqtisadi nəticəsini qiymətləndirərkən yalnız tədbirin keçirilməsi ilə bağlı xərclərə və turist sayına deyil, bütün bu zəncir üzrə yaradılan əlavə dövriyyə və əlavə dəyərə kompleks şəkildə baxmaq lazımdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram