Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın 250 illiyi münasibətilə "Forbes" jurnalı ölkədə yaşayan ən varlı xarici əsilli iş adamlarının yer aldığı immiqrant milyarderlərin yeni reytinqini dərc edib.
Banco.az xəbər verir ki, siyahıda rekord sayda – 144 immiqrant milyarder yer alıb.
Reytinqə əsasən, 2026-cı ildə siyahıya daxil edilən immiqrant milyarderlərin ümumi sərvəti 2,2 trilyon dollara çatıb. Müqayisə üçün qeyd edək ki, ötən il siyahıda 125 milyarder yer almış və onların ümumi sərvəti 1,3 trilyon dollar təşkil etmişdi.
"Forbes" bildirir ki, immiqrantlar ABŞ-dakı bütün milyarderlərin təxminən 15 faizini təşkil etsə də, ölkənin milyarder sərvətinin dörddə birinə sahibdirlər. Dünyanın ən varlı on nəfərindən üçü də ABŞ-da yaşayan immiqrantlardır.
Siyahının lideri dəyişməyib. Cənubi Afrikada anadan olan İlon Mask ilk sırada qərarlaşıb. İlk üçlükdə həmçinin Google-un həmtəsisçisi Sergey Brin və Nvidia-nın həmtəsisçisi Jensen Huang yer alır. Bu üç milyarder immiqrantların ümumi sərvətinin 60 faizdən çoxuna sahibdir.
Bu il siyahıda 45 ölkə və regiondan olan milyarderlər təmsil olunur. Beləliklə, ölkələrin sayı ötən illə müqayisədə 42-dən 45-ə yüksəlib. Haiti, Filippin, Polşa və İspaniya ilk dəfə siyahıda yer alıb. Qvatemala isə yeganə immiqrant milyarderini itirib. Buna səbəb Duolingo-nun həmtəsisçisi Luis fon Anın sərvətinin azalaraq milyarder statusundan çıxması olub.
Reytinqdə Türkiyədən olan iş adamları Eren Özmen və Fatih Özmen də yer alıblar. Chobani şirkətinin qurucusu Hamdi Ulukaya isə 12,2 milyard dollarlıq sərvətinə baxmayaraq, Forbes USA tərəfindən Türkiyə siyahısına daxil edilib.
Hindistan ardıcıl ikinci il ən çox immiqrant milyarderə sahib ölkə olub. Bu ölkədən siyahıya düşən milyarderlərin sayı 12-dən 19-a yüksəlib. Artıma vençur kapitalisti Hemant Taneja, Astera Labs şirkətinin həmtəsisçiləri Sanjay Gajendra və Jitendra Mohan, həmçinin Palantir-in baş texnologiya direktoru Şyam Sankarın siyahıya əlavə olunması təsir göstərib.
"Forbes" qeyd edir ki, reytinqdə yer alan bir çox sahibkar ABŞ-ın innovasiya və sahibkarlıq imkanlarının onların uğurunda mühüm rol oynadığını vurğulayır.
