Əmək məhsuldarlığını necə artırmaq olar? | Banco.az

Əmək məhsuldarlığını necə artırmaq olar?

Uğur pul ilə deyil, xoşbəxtliklə ölçülür. Biz özümüz xoşbəxt olanda ətrafdakılara da müsbət təsir göstəririk. İşçinin daha xoşbəxt olması effektivliyinin də artması deməkdir. Xoşbəxt liderlər işçilərini pozitiv duyğulara “yoluxduraraq” xoşbəxt komandalar qururlar. Buna necə nail olurlar?

Şerri Kempbell — klinik psixoloq, psixoterapevt, “Loving yourself” kitabının müəllifi iş yerində əmək məhsuldarlığını artırmağın 12 üsulunu qeyd edir:

1.Gülümsəyin.

Günə təbəssümlə başlamaq elə də çətin deyil. Səhər tezdən əhvalınız pozulmağa fürsət tapıbsa, özünüzü məcbur edin və bir “bəhanə” ilə gülümsəyin! Bununla da stress səviyyəniz düşəcək, motivasiyanız artacaq.

Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?

2. Dözümlülük nümayiş etdirin.

Uğura gedən yolda maneələrlə üzləşirik. Lakin problemlər dünyanın axırı deyil, nəyə qadir olduğunuzu göstərməyin əsl vaxtıdır. Çətinliklərə sinə gərərək daha güclü olursunuz, yeni bilik və bacarıqlar qazanırsınız, deməli, müvəffəqiyyət əldə etmək şansınız da artır.

3. Hərəkətə keçin.

Uğur da xoşbəxtlik kimi bizim fəaliyyətimizin məhsuludur. Böyük bir həvəs və istəklə görülmüş iş yüksək məhsuldarlıq verir. Demək, uğuru hədəfləsək və nəticəni əldə etmək üçün əzmlə çalışsaq, gec-tez məqsədimizə çatacağıq.

4. Ətrafa optimizm saçın.

Optimizm — şüurlu seçimdir. Xoşbəxt və məhsuldar olmaq üçün özünüzü müsbətə kökləyin. Həyata nikbin baxmaq stressi azaldır, enerjini artırır, insana ilham və ümid verir.

5. Kiçik sevincləri qiymətləndirin.

Motivasiyanı itirməmək üçün adi şeylərə də sevinməyi öyrənmək lazımdır. Səhər evdən xoş əhval-ruhiyyəylə ayrılmaq, həmkarların tərifi, parklanma üçün münasib yer tapmaq, ətirli qəhvə və s. kimi onlarla xırda səbəb var ki, məhsuldar qalmaq üçün sizə kömək edə bilər. Əlimizdə olanlarla məmnun və şən olmağı bacarsaq, həyat və karyera daha çox şey qazandıracaq.

Ən sərfəli kredit üçün müraciət et

6. Çevrənizdəkilərə yardım göstərin.

Əhvalı yaxşılaşdırmağın ən təsirli yolu başqalarına fayda verdiyini bilməkdir.

7. Gördüyünüz işi sevin.

İnsanlar məcburən gördükləri işlə deyil, istədikləri işlə məşğul olanda məhsuldar olurlar. İşə aludə olanda o, ehtirasa, həvəsə çevrilir, maddi mükafat isə sadəcə xoş bir əlavə olur.

8. Möhkəm əlaqələr qurun.

Komanda ilə möhkəm bağlılığı olan işçi daha effektivdir, nəinki çoxuyla səthi ünsiyyət quran əməkdaş.

Həmçinin oxu: Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər ?

9. Dinləməyi öyrənin.

Bizə bənzəməyənləri eşitməyi və onları qəbul etməyi öyrənərək daha müdrik və yeniliklərə açıq fərdlər olacağıq.

10. Oflayn ünsiyyət qurun.

Elektron ünsiyyət rahat olsa da xoşbəxt insanlar şəxsi ünsiyyəti daha üstün tutur. Oflayn görüşərək sevdikləri dostlardan, yaxınlardan müsbət enerji alırlar, nəticədə bu da işin keyfiyyətinə təsir edir.

11. “Rəqəmsal pəhriz”i sınaqdan keçirin.

Telefon danışıqları çox vaxt stressə səbəb olur və təzyiqi artırır. Monitor arxasında uzun müddət işləmək isə həddən artıq tükənməyə gətirib çıxarır. Kompüter və mobil telefonun şüa saçan ekranından uzaqlaşıb, bir az istirahət etmək lazımdır.

12. İdmanla məşğul olun.

Fiziki yük narahatlıq, gərginlik və depressiyanın çarəsidir. Məşq zamanı sintez olunan hormonlar xoşbəxtlik duyğusu oyadır və stresi atmağa kömək edir. Aktiv həyat tərzi sürən insanlar gümrah olduqları üçün iş yerində də daha məhsuldar olurlar.

Nigar Umaxanlı, Finco.az