Buğda istehsalında məhsuldarlığın artırılması məqsədilə müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək, texnika təminatı yaxşılaşdırılacaq, lazer hamarlama texnologiyasının tətbiqi artırılacaq və dövlət dəstəyi mexanizmləri gücləndiriləcək.
Bunu Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov İsmayıllıda Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Nazir bildirib ki, Dövlət Proqramına əsasən, ölkədə buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyənləşdirilib və Ağsu rayonu da həmin siyahıya daxildir: "Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Fermerlərin maliyyə yükünün azaldılması məqsədilə birillik əkinlərin istehsalı üçün verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq".
Nazir əlavə edib ki, lazer hamarlama texnologiyasından istifadə edən fermerlər üçün əlavə məhsul subsidiyası mexanizmi tətbiq ediləcək. Bu çərçivədə fermerlərin istehsal etdikləri məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə dəstək veriləcək.
Məcnun Məmmədov vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcminin hazırkı 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması planlaşdırılır.
Trend
