Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib | Banco.az

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün maliyyə savadlılığı tədbiri keçirib

Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.

Tədbirin əsas məqsədi şagirdlərə maliyyə savadlılığının əsas prinsiplərini aşılamaq, onlarda düzgün maliyyə davranışı formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır.

Tədbir çərçivəsində Bank Respublikanın mütəxəssisləri tərəfindən məktəblilərə pulun idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında interaktiv təqdimatlar keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri maliyyə situasiyaları üzərindən praktiki nümunələrlə məlumatlandırılıb, sualları ətraflı şəkildə cavablandırılıb.

Tədbirin interaktiv hissəsi çərçivəsində təşkil olunan viktorinada sualları düzgün cavablandıran məktəblilər Bank Respublika tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Qlobal Pul Həftəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən hər il keçirilən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaqdır. Bank Respublika da bu təşəbbüsə qoşularaq ölkədə maliyyə maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Bank Respublika bundan sonra da gənc nəslin maliyyə biliklərinin artırılmasına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.

#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı