Belə bir hipotez mövcuddur: Hər bankir bank işçisidir, lakin hər bank işçisi bankir deyil. Bu hipotezi 3 müxtəlif situasiyanın üzərində sübut edək.
Birinci situasiya – maliyyə cəhətdən güclü bir borcalana uğurla kredit verilmişdir.
Hər şey yaxşı olanda peşəkar olmaq və müştərilərin xoşuna gəlmək daha asandır, hərçənd bu cür münasib vəziyyətlərdə belə sıravi işçi ilə bankiri fərqləndirmək olar.
Adətən kredit vermək və kredit komitəsinin kredit müqaviləsi imzalamaq barədə müsbət qərarı, əməkdaşlığın ən önəmli anıdır, bundan sonra çox vaxt kreditin qiymətləndirilməsi və verilməsi prosesi artıq vacib görünmür. Bəs kredit limiti təyin edən və kredit müqaviləsini göndərən bank işçisi müqavilənin bütün vacib şərtlərini, habelə kredit müqaviləsi müddəti ərzində müştəri ilə bankın qarşılıqlı münasibətlərini necə izah edir?
Bankiri təkcə vəsait ayrılması, müqavilə imzalandığı andakı məmnunluq narahat etmir;o, müştərinin öz öhdəliklərini düzgün anlaması və yerinə yetirməsinin də qayğısına qalır. Çünki bu, həm bankın, həm də müştərinin xeyrinədir. Əsl bankir müştəri və bank arasında uzunmüddətli əməkdaşlığı təmin edir, belə ki, ancaq bu halda hər iki tərəf də maksimum gəlir əldə edə bilər.
Kredit verilməsi barədə qərardan sonra bankirdən kredit müqaviləsinin şərtlərini, necə və nə vaxt ödəniş edilməli olduğu, defolt halında nə baş verəcəyi barədə ətraflı bəhs etməsini gözləyin. Müqavilədə edilə biləcək dəyişikliklər və dəyişiklik edilə biləcəyi halları dəqiqliklə müzakirə edin, daha sonra necə əməkdaşlıq edəcəyinizi öyrənin.
Müsbət qərar əməkdaşlığın sadəcə başlanğıcıdır, əməkdaşlığı uğurla başa çatdırmaq diqqət və səy tələb edir.
İkinci situasiya – Sahibkarın kredit müraciəti rədd olunmuşdur.
Bankir maliyyələşmə məsələsində müştəriyə rədd cavabı verməlidirsə, necə hərəkət edir? Layihə maliyyələşmə kriteriyalarına cavab vermir və ya digər səbəbdən əməkdaşlıq baş tuta bilməz. Ümumi kredit təhlili və qiymətləndirmədə uğursuzluq nəzərə alınmamışdır və bəzi əhəmiyyətli risk faktoru vaxtında göstərilməmişdir. Bu həm də bank işçisinin müştəri ilə "pis" olmaq istəməməsi və müştəridə müsbət qərarın mümkün olduğu təəssüratıyaratmaq üçündür. Halbuki özü də bunun belə olmadığını anlayır.
Banklar layihələri, şirkətlərin maliyyə vəziyyətini, krediti ödəmə qabiliyyətini qiymətləndirir, belə ki, banklar müəssisələrin kapitalına investisiya qoymur və müəssisələrin idarə heyətində və şuralarında təmsil olunmur. Banklar pulu vençur kapitalistlərdən və ya investorlardan daha aşağı qiymətə verir, lakin buna görə keyfiyyətli kredit və təminat tələb edirlər.
Bankir bankın pulları ilə öz pulu kimi davranır, həm özünün, həm də müştərinin sərf olunmuş zamanına görə məsuliyyəti öz üzərinə götürür.
Banklarda qərar qəbulu prosesi bir qayda olaraq, bir neçə bank işçisindən ibarət kredit komitəsində bir layihə müzakirə olunmazdan bir həftə və ya hətta bir ay əvvəl başlayan hazırlıq işləri və təhlilləri əhatə edir. Komitədə kredit riskini qiymətləndirən analitiklər və mütəxəssislər, həmçinin müştəri xidmətləri qrupları da iştirak edir. Təqdimat 30-60 dəqiqə davam edir, bu zaman materialın keyfiyyəti, habelə bank işçisinin və ya bankirin komitənin suallarına cavab vermək və layihənin keyfiyyətini əsaslandırmaq bacarığı son qərarın verilməsi üçün həlledici ola bilər. Banklar həm əmanətçilərin, həm də borcalanların maraqlarını təmin etməklə pul qazanırlar.
Bankirlər maliyyələşdirilən bir layihəni maliyyələşdirilməyəndən ayıra bildikləri üçün bankın puluna öz pulları kimi baxırlar. Bəzi hallarda bankir özü kredit komitəsinin rəyi olmadan da bir layihənin şansının nə qədər böyük olduğunu proqnozlaşdıra bilər. Kreditdən imtina edildiyi təqdirdə bankir qərarı əsaslandırır və kreditin verilməsi üçün layihənin strukturuna hansı dəyişikliklərin edilməl iolduğunu izah edə bilər.
Sıravi bank işçisi isə kredit verilməsindən son anda izahsız imtina edir və ya bankın kredit siyasətinə uyğun gəlmədiyinə görə kredit komitəsinin qəti şəkildə rədd cavabı verdiyi ilə əsaslandıraraq imtina edir.
Üçüncü situasiya – müştərinin maliyyə çətinlikləri var.
Dost və bankir dar gündə tanınar... Dost odur ki, acı həqiqəti də gizlətmədən deyir. Yaxşı bankirdən də bu gözlənilir. Dosta güvənmək olar. Təşkilatın maliyyə sıxıntısı olan zaman bank nümayəndəsi ilə münasibətlərdəki güvənsizlik, çətin ki, uğura apara. İnam hissini, təbii ki, bankir yaratmalıdır.
Bank işçisi bankın hər hansı əlavə tələbini izah edərkən, çətin qərarvermələrlə bağlı ünsiyyət zamanı komitəyə və ya başqa şəxsə istinad edir. Bankir isə məsuliyyəti öz üzərinə götürür. Bankirin məqsədi kreditdən imtina etdiyi halda belə daima banka dəyər qazandırmaqdır.
Bəs sizin qarşılaşdıqlarınız bankirdir, yoxsa bank işçisi? Bu, sizin öz bankınızdan nə gözlədiyinizdən asılıdır. Tələb təklif yaradır. Müştəri xidməti sferası ilə məşğul olan maliyyə qurumu öz müştərilərinə qarşı bankir kimi davranmalıdır. Lakin eyni zamanda müəssisələr də peşəkar əməkdaşlıq üçün münasib olmalıdırlar.
Nigar Umaxanlı, banco.az